Min kilometrlərlə uzaqdan gələn təhlükə – Ermənistana 250 milyon niyə verildi?

Min kilometrlərlə uzaqdan gələn təhlükə - Ermənistana 250 milyon niyə verildi?

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana maddi yardımı iki dəfədən də artıq miqdarda – 120 milyon dollardan 250 milyon dollara qədər artırmağı qərara alıb. Bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib. Ermənistanın şərti sərhəddə intensiv formada atəşkəsi pozması, təxribatları artırması və Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınması fonunda bu kimi dəstəklərin verilməsi olduqca maraqla qarşılanıb.

Ümumiyyətlə, USAID-in fəaliyyət prinsipi nədən ibarətdir?

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi 1961-ci ildən etibarən fəaliyyət göstərir. Amerika Birləşmiş Ştatlarının müstəqil agentliyidir, əsasən mülki xarici yardım və inkişafa kömək edilməsinə cavabdehdir. 27 milyard dollardan çox büdcə ilə USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir. USAID insan alveri və gender əsaslı zorakılıqla mübarizə, təcili tibbi yardım sisteminin təkmilləşdirilməsi, iqlim dəyişikliyi ilə mübarizə, gender bərabərliyinin və qadınların iqtisadi səlahiyyətlərinin artırılması, hökumət və qeyri-hökumət təşkilatlarına əsas dövlət xidmətləri göstərməkdə dəstək, habelə vətəndaşların ictimai həyatda iştirakını artırmaq daxil olmaqla, bir çox problemləri həll etməyə çalışır.
1991-ci ildən USAID azərbaycanlılara dəstək proqramlarına, o cümlədən humanitar yardım, səhiyyə sektoru, iqtisadi və idarəetmə islahatlarına 431 milyon dollar sərmayə qoyub.
Bu müddət ərzində USAID-in dəstəyi təcili və əsas insan ehtiyaclarını qarşılamaq üçün humanitar yardım göstərməkdən, uzunmüddətli davamlı inkişafı dəstəkləməkdən, Ermənistanın azad bazara, demokratik cəmiyyətə keçidini asanlaşdırmağa qədər inkişaf edib. Hal-hazırda USAID Ermənistanın 10 vilayətində 22 layihəni dəstəkləyir.

Ermənistana dəstəyin artırılmasının səbəbi nədir?

Min kilometrlərlə uzaqdan gələn təhlükə - Ermənistana 250 milyon niyə verildi?

Arzu Nağıyev 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Arzu Nağıyev deyib ki, bu yardım Ermənistana nə rəğbətdən, nə də hörmətdən verilir:

“Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazda öz məkrli siyasətini həyata keçirmək istəyir. Bunun bir neçə səbəbi var. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi uğurlar, torpaqları üzərində suverenliyini bərpa etməsini və regiondakı mövcud reallığı heç bir halda qəbul edə bilmirlər. Vaxtilə işğal altında olan ərazilərdən özləri üçün iqtisadi gəlirlər, hərbi məsələlər, qaçaqmalçılıq və s. kimi məqsədlər üçün istifadə edirdilər.
Bu gün Cənubi Qafqazda Rusiyanın nüfuzunu azaltmaq, Ermənistanın vassal olmaması üçün bu kimi addımlar atırlar. Lakin Rusiyanın regiondan getməyəcəyini unutmamalıdırlar. Vaxtilə Ukraynada fiaskoya uğramış siyasəti Moldova vasitəsilə həyata keçirmək istəyirdilər. İndi də eyni ssenarini Ermənistanın əli ilə edirlər. Rəsmi İrəvanın bu gün müstəqil daxili və xarici siyasəti yoxdur. Ondan istifadə edirlər”.

Arzu Nağıyevin sözlərinə görə, humanitar yardım adı altında daha çox silah-sursat, hərbi texnika dəstəyi verilir:

“Azərbaycan da buna uyğun olaraq siyasətini qurur, təhlillər aparır. Birmənalı şəkildə Ermənistana nə qədər dəstək verilsə də ərazi bütövlüyümüzü heç kimə bəxş etməyəcəyik. Min kilometr uzaqdan gələn qüvvələr heç vaxt Ermənistanı müdafiə etməyəcəklər”.

Safura Bənnayeva
Globalinfo.az