Ekoloqların aksiyasından sonra Rusiya sülhməramlılarının Xankəndiyə gedən yolu bağlaması onların nəzarətindən olan bölgədə yanacaq defisitinə gətirib çıxarıb.
Globalinfo.az xəbər verir ki, bu məlumatı erməni mətbuatı yayıb.
Bildirilib ki, separatçılar problemin öhdəsindən gəlmək üçün benzindoldurma məntəqələrinin rəhbərləri ilə danışıqlar aparıb və qənaət rejiminə keçmək barədə razılaşıb.
Maraqlı məqam budur ki, sülhməramlıların yolu bağlamasından sonra Ruben Vardanyanın aktivliyi artmağa başlayıb. Vardanyan ərazidəki ermənilərə separatçıların “rəhbər”indən daha çox müraciət etməyə başlayıb ki, bunun da onun reytinqinə təsir edəcəyi gözlənilir. Mövcud durumun separatçılar arasında rəqabəti gücləndirəcəyi güman olunur.
Dünən ekoloqların aksiyası ilə bağlı bəyanat yayan Vardanyan mövqelərinin gücləndirilməsi üçün qəti addımlar atıb. Belə ki, o, Rusiya sülhməramlılarının sayının kəskin artırılması gərəkdiyini söyləyib.
Qeyd edək ki, Azərbaycan bundan öncə ekoloqların aksiyasının Laçın yolunu qapatmadığını bəyan edib. Rəsmi Bakı yolun məhz Rusiya sülhməramlılar tərəfindən bağlandığını söyləyib.
Turan Rzayev
Globalinfo.az














