hafiz ramiz scaled

Ramiz Mehdiyev işi” ilə bağlı istintaqın hansı istiqamətdə davam edəcəyi çoxsaylı suallar doğurur. Sabiq baş nazirin birinci müavini Abbas Abbasov, AXCP sədri Əli Kərimli, keçmiş deputat Gültəkin Hacıbəyli və digər şəxslərin adlarının bu kontekstdə hallanması diqqət çəkir. Digər tərəfdən, uzun illərdir Ramiz Mehdiyev tərəfindən haqsızlığa məruz qaldığını deyən Hafiz Hacıyevin məhkəmədə şahid qismində ifadə vermə ehtimalı müzakirə edilir.

Hafiz Hacıyev Globalinfo.az-a bildirib ki, Ramiz Mehdiyevin cinayətləri ilə bağlı bəzi məsələləri illər əvvəl açıqlayıb:

“Bütün bunları hələ 2010-cu ildə, onun “qılıncın dalının da, qabağının da kəsdiyi” dövrdə demişəm. Həmin dövrdə də hər şeyi açıb ortaya qoymuşam və bütün dediklərimin hamısı, bir-bir gəlib öz yerini tapdı”.

H.Hacıyevin fikrincə, təkcə adıçəkilən şəxslər yox, zamanında Mehdiyevin təbliğat-təşviqat işi ilə məşğul olanlar da dindirilməlidir:

“Bunun ideoloji qolları, xaricdə, səfirliklərdə işləyən qolları, diasporada işləyən qolları haradadır? Digər sahələrdə, orduda olan hansı generalları olub? Keçmiş milli təhlükəsizlik nazirlərinin burada nə kimi “xidməti” var? Vaxtilə bağda Ramiz Mehdiyevlə müxtəlif məsələləri müzakirə edənlər bu gün onun yanında oturmalıdır”.

H.Hacıyev bildirib ki, məsələnin təhlili tamam başqa bir mənzərə göstərir:

“Mənə imkan vermədilər parlamentdə oturum, məni deputat qoymadılar. Partiyamdan bir nəfərin də deputat olmasına icazə vermədilər. Dörd dəfə prezidentliyə namizəd olan bir insan kimi hər şeydə Azərbaycan dövlətçiliyinin qorunması üçün sinəmi qabağa verdim. Amma bu gün nə oldu? Bu gün Ramiz Mehdiyevin kadrları yenə at oynadır. Parlamentin əksəriyyəti Ramiz Mehdiyevin adamlarıdır. Bu gün onlar oradadır

Qaldı ki, məhkəmədə şahid qismində ifadə verməyə, mən ifadəmi 2010-cu ildə vermişəm. Lazım olsa, yenə müəyyən məsələləri deyə bilərəm. Təəssüf ki, Ramiz Mehdiyevin mənə vurduğu yaralar hələ sağalmayıb”.

Partiya sədri “Mehdiyev işi”ndə heç bir perspektiv görmədiyini vurğulayıb:

“Təəssüf hissi keçirirəm ki, Ramiz Mehdiyevin kadrları Prezidentimizə hələ də xəyanət edirlər. Bəziləri düşünür ki, xəyanət eləmək kiməsə güllə atmaqdır. Qətiyyən. Ölkədəki bugünkü işsizliyi görürsünüz. Nə qədər haqsızlıq var. Bunların hamısı Ramiz Mehdiyevin kadrlarının qoyduğu yoldur, gedirlər. Mehdiyev ölkəni gətirib bu həddə çatdırıb. Dünən Prezident İlham Əliyev çox gözəl dedi ki, xarici dövlətlərin bizə basqısı artıb. Mən hökumətimin, şəxsən cənab Prezidentin yanındayam”.

H.Hacıyev deyib ki, Ramiz Mehdiyev haqqında faktları açdığına görə bu günə qədər işsiz qalıb:

“Dörd dəfə prezidentliyə namizəd olan bir şəxs, prezident seçkilərində heç olmasa ikinci, üçüncü yeri tutan adam gəlib parlamentdə bir dənə yer tuta bilmədi. Yaxud onun partiyasından heç bir adama imkan vermədilər ki, gəlib parlamentdə təmsil olunsun. Amma kimlər xəyanət edib, Ramiz Mehdiyevlə bir yerdə olub, onların hamısı bu gün parlamentdədir. Ramiz Mehdiyev Novxanı bağlarında dövlət çevrilişi hazırlayırdı. Ona yaxın adamlar bu gün mənimlə intriqa aparırlar, telefonuma cavab vermirlər. Bəziləri nazirdir, bəziləri komitə sədridir, bəziləri böyük vəzifələrdədir. Məni Mehdiyevi dövlətə “satmaqda” günahlandırırlar. Mən dövlətimə xidmət etmişəm. İmkan verməmişəm ki, Rusiyanın Ramiz Mehdiyevi burada öz nizamını qursun, dövlətə rəhbərlik etsin. Mən istəməzdim ki, erməni əsilli bir insan Azərbaycana rəhbərlik etsin. Ona görə də bu fikirləri açdım”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: