“Prezident İlham Əliyevin Türk dünyası və Qafqaz birliyi məsələsinə toxunması Azərbaycanın geosiyasi mövqeyinin iki mühüm istiqamət üzərində qurulduğunu göstərir”.
Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva Prezident İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi haqda danışarkən deyib.
Politoloq bildirib ki, Azərbaycan tarixi, dili və mədəniyyəti ilə Türk dünyasının ayrılmaz hissəsi, coğrafi və siyasi baxımdan isə Qafqazın əsas dövlətlərindən biridir:
“Bu ikili mənsubiyyət ölkəmizə Mərkəzi Asiya ilə Cənubi Qafqaz, Türkiyə ilə Xəzər hövzəsi arasında təbii körpü rolunu oynamaq imkanı verir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsi də yalnız ortaq kimliyə deyil, nəqliyyat, enerji, təhlükəsizlik və iqtisadi maraqlara əsaslanan yeni siyasi birliyin formalaşmasına xidmət edir.

Züriyə Qarayeva
Azərbaycanın Qafqaz birliyinə verdiyi önəm isə regionun kənar qüvvələrin rəqabət meydanı deyil, burada yaşayan xalqların əməkdaşlıq məkanına çevrilməsi ideyasını ifadə edir. Qarabağ münaqişəsinin başa çatmasından sonra Bakı bölgədə qarşıdurma gündəliyini nəqliyyat bağlantıları, iqtisadi inteqrasiya və davamlı sülh gündəliyi ilə əvəz etməyə çalışır. Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması və kommunikasiyaların açılması bu baxımdan ümumi Qafqaz əməkdaşlığının əsas şərtlərindən biridir. Prezidentin mesajı ondan ibarətdir ki, Azərbaycan Türk dünyasının güclənməsində aparıcı iştirakçı olmaqla yanaşı, Cənubi Qafqazın sabitliyi və gələcək regional nizamının formalaşması üçün də xüsusi məsuliyyət daşıyır”.
Turan Rzayev
Globalinfo.az