“Erməni siyasətçilərin, ictimai xadimlərin və KİV-lərin Qarabağa və Azərbaycanın digər azad edilmiş ərazilərinə səfər edən diplomatik korpus nümayəndələrinə qarşı hücumları erməni ictimai-siyasi məkanında revanşist əhval-ruhiyyənin nə qədər dərin kök saldığını bir daha nümayiş etdirir”.
Bu sözləri Globalinfo.az-a Bakı Politologiya Klubu İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov deyib
Politoloq bildirib ki, Qarabağ Azərbaycanın ərazisidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü heç vaxt şübhə altına almayıb:
“Üstəlik, müharibədən sonra Ermənistan özü də iki dövlətin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını dəfələrlə təsdiqləyib. Ermənistanın Baş naziri Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, rəsmi İrəvanın Azərbaycanın ərazisi kimi tanıdığı 86,6 kvadratkilometrə Qarabağ da daxildir.
Bu səbəbdən Azərbaycanın Qarabağa kimi dəvət etməsinin və öz suveren ərazisində hansı tədbirləri keçirməsinin Ermənistanı nə üçün maraqlandırdığı tamamilə anlaşılmazdır.
Bəs bu dəfə erməni “siyasətçilərinin” reaksiyası niyə daha radikal oldu?
Çünki diplomatik korpus nümayəndələrinin qarşısında erməni kilsəsinin onilliklər ərzində yaydığı yalan ifşa olundu!
Qarabağ və digər azad edilmiş ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Burada zəngin mədəni irs, o cümlədən Qafqaz Albaniyasının xristianlıq izləri mövcuddur.
Onilliklər ərzində erməni tarixşünaslığı Qarabağın demək olar ki, bütün xristian irsini dünya ictimaiyyətinə yalnız erməni irsi kimi təqdim edib, bununla da Qafqaz Albaniyasının irsi məsələsini beynəlxalq informasiya məkanından faktiki olaraq sıxışdırıb çıxarıb. Azərbaycan tərəfi isə öz növbəsində tarixi sənədlər, araşdırmalar və Alban kilsəsinin mövcudluğuna dair məlumatlar təqdim edir, həmçinin hər bir konkret abidənin mənşəyinin obyektiv şəkildə öyrənilməsini tələb edir”.

Zaur Məmmədov
Politoloq bildirib ki, məhz buna görə də xarici diplomatların Qarabağa səfərlərinə göstərilən aqressiv reaksiya diqqətəlayiqdir:
“Beynəlxalq ictimaiyyətin nümayəndələri bölgəyə nə qədər çox səfər edib onun tarixi, abidələri və bugünkü reallıqları ilə öz gözləri ilə tanış olsalar, Qarabağ tarixini birtərəfli təbliğat vasitəsinə çevirmək bir o qədər çətinləşər.
Diplomatik korpus nümayəndələrinin bu ərazilərə səfərlərinin təşkili Azərbaycanın suveren hüququdur. Bunun Ermənistana heç bir aidiyyəti yoxdur.
Ermənilər daha bir prinsipial əhəmiyyətli məqamı başa düşməlidirlər.
Əgər revanşizm yenidən siyasi xəttə çevrilərsə və münaqişənin nəticələrinə yenidən baxılması məsələsi qaldırılarsa, bu dəfə müzakirə artıq Qarabağın gələcəyi ilə bağlı olmayacaq. Qarabağ məsələsi bağlanıb və buna nöqtə qoyulub.
Bu halda, tamamilə fərqli tarixi-siyasi müzakirə qaçılmaz olacaq: hazırda Ermənistanın tərkibində olan, 1918-ci ildən 1930-cu illərə qədər müxtəlif dövrlərdə mənsubiyyəti və inzibati statusu dəyişmiş ərazilərin gələcəyi və statusu məsələsi.
Ona görə də Ermənistan bu gün son dərəcə diqqətli olmalıdır”.
Turan Rzayev
Globalinfo.az