“Azərbaycanla Ermənistan arasında sülh prosesi hər şeyə rəğmən davam edir”.
Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, Ermənistan əsassız şəkildə Azərbaycanla bağlı neqativ rəy yaratmağa çalışır:
“Rəsmi İrəvan nədənsə hələ də düşünür ki, Bakı hücum edib, Ermənistan ərazilərini işğal edəcək. Bu, paranoyadan başqa bir şey deyil. Azərbaycanın Ermənistan torpaqlarını işğal etmək kimi niyyəti olsaydı, bunu 44 günlük müharibənin gedişində edərdi. Rəsmi Bakının Ermənistan daxil heç bir ölkənin beynəlxalq hüquqla tanınan ərazilərini işğal etmək düşüncəsi yoxdur”.
Qabil Hüseynli
Politoloq hesab edir ki, Ermənistan daha çox Qərbin təhriki ilə addımlar atır, siqnal oradan ötürülür:
“Yəni Qərbin vədlərinə inanan Ermənistan özündə cəsarət taparaq reallıqları dəyişə biləcəyini düşünür. Halbuki bu da xülyadır. Yəni ehtimal bir gərginlik anında Qərb Ermənistanı müdafiə etməyəcək.
Azərbaycan sülh prosesində maraqlıdır. Son sərhəd təxribatları fonunda Ordumuzun təmkinli mövqe sərgiləməsi də buna dəlalət edir. Amma bu proses uzun müddət davam etməyə bilər. Ermənistan təxribatlara davam edərsə, Bakı da lazımi cavab verəcək”.
Turan Rzayev
Globalinfo.az