kursk 0 2

“Artıq 20 gündən çoxdur ki, Ukrayna ordusunun Kursk istiqamətində irimiqyaslı hərbi əməliyyatları davam edir. Bu vaxta qədər əməliyyatın bir neçə vacib hədəfi haqda mətbuatda ətraflı məlumatlar paylaşılıb. Fikrimcə, bu hədəflərdən ən vacibi rus qoşunlarının Donbasdakı irəliləyişinin dayandırılması və həmin istiqamətdəki ordu hissələrinin əhəmiyyətli hissəsinin Kursk istiqamətinə yönləndirilməsi ilə bağlı idi. Çünki Rusiya tərəfi son 3-4 ay ərzində Donbas istiqamətində ləng də olsa irəliləməyə və yeni yaşayış məntəqələri ələ keçirməyə davam edirdi”.

Bu fikirləri Globalinfo.az-a siyasi şərhçi Elvin Baxşalızadə Ukraynanın Kurskda keçirdiyi əməliyyatlarla uğur əldə edib-etməyəcəyi ilə bağlı sualımızı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ukrayna Kurskda hədəflərinə çata bilmədi:

“Belə ki, Ukrayna tərəfi Kurskda əməliyyatlar başlanandan bu günə kimi təxminən 1300 kvadrat kilometrə qədər ərazini ələ keçirib, yüzlərlə rusiyalı hərbçi əsir alınıb. Bəzi müstəqil mənbələrin məlumatına görə, Kurskda yaşayan 200 minə yaxın rusiyalı öz evlərini tərk etmək məcburiyyətində qalıb. Bütün bunların fonunda əksər siyasi və hərbi ekspertlər Rusiyadan sərt cavab gələcəyini proqnozlaşdırırdı. Amma maraqlıdır ki, rus ordusunun əhəmiyyətli hissələri, yüksək döyüş hazırlıqlı briqadalar Kurska göndərilmədi. Rus tərəfi daha kiçik hərbi birləşmələrlə Ukraynanın Kursk istiqamətindəki genişmiqyaslı hücumunu dayandırdı və cəbhə xəttini sabitləşdirə bildi. Artıq Ukrayna ordusu əməliyyatın ilk günlərindəki kimi sürətli şəkildə irəliləmir.

elvin

Elvin Baxşalızadə

Rusiya isə son bir neçə gündə Donbas istiqamətində əvvəlki kimi irəliləməyə və yeni yaşayış məntəqələri tutmağa davam edir. Bölgənin əsas logistika mərkəzlərindən sayılan Pokrovsk şəhəri artıq təhlükə altındadır. Təsadüfi deyil ki, ötən həftə vilayət qubernatoru Pokrovskdan əhalinin evakuasiya olunması ilə bağlı çağırışlar etdi. Bu faktın özü təhlükənin necə yaxın olduğunu nümayiş etdirir.

Beləliklə, Putin və komandası Donbası heç bir halda güzəştə getmək istəmədiklərini nümayiş etdirir. Görünən odur ki, hazırda əsas niyyət Donetsk, Luqansk istiqamətindəki qələbələrlə Kursk döyüşlərindəki uğursuzluğu kompensasiya etmək, unutdurmaqdır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: