siyasetci

Siyasətə Qarabağ məsələsi, Azərbaycanın suverenliyi, güclənməsi, bütövləşməsi şüarları ilə gələn eks-prezident Əbülfəz Elçibəyin komandası son zamanlar səssizliyi ilə diqqət çəkir.

Komandanın 1993-cü ildən 2023-cü ilə kimi mövcud hakimiyyətə qarşı təbliğatları da əsasən Qarabağ amili üzərindən qururdular. Şuşa azad edildikdən sonra da hökumətə qarşı Xocalı, Xankəndi və s. ərazilər üzərindən hücuma keçirdilər.

2023-dəki antiterror əməliyyatlarından sonra bütün arqumentlər kəsildi, bəhanələr bitdi. Bu proses yeni mərhələ yaradıb. Yeni mərhələ də köhnə mərhələnin qapanmasına səbəb olur.

Bu adamların siyasi taleyi necə olacaq? Siyasi ömürləri bitdimi? Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra bu siyasilərin aqibəti necə görünür?

Globalinfo.az-a danışan Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov deyib ki, istənilən siyasi komandanın siyasətdə iştirak etdiyi bir zaman müddəti olur:

oqtay qasimov 5 1

Oqtay Qasımov

“Yəni hər şeyin bir əvvəli olduğu kimi sonu da olur. Bu, siyasətçilər üçün də keçərlidir.

Əbülfəz Elçibəyin komandası 1988-ci ildə başlanmış xalq hərəkatı əsasında formalaşıb. Bu komanda 1992-1993-cü ildə hakimiyyətdə olub və həm də hakimiyyət komandası kimi fəaliyyət göstərib.

Ə.Elçibəy hakimiyyəti devriləndən sonra komanda dağıldı və fərqli siyasi xətt tutdu. Düzdür, Elçibəy Kələkidən qayıdandan sonra onları yenidən bir araya toplasa da onun ölümü ilə komanda yenidən dağıldı və bir daha bir araya gələ bilmədi.

Əbülfəz Elçibəyin komandasında olan bir çox şəxs yeni partiyalar açaraq ayrılıqda fəaliyyət göstərməyə başladı. Proses bu gün də davam edir. O ki qaldı hakimiyyətə qarşı təbliğatları əsasən Qarabağ, daha sonra isə Xocalı, Xankəndi və s. ərazilər üzərindən aparmalarına, bu daha çox şəxslərin ayrı-ayrılıqda yanaşmasıdır.

Komandanın ayrı-ayrı şəxslərinin 44 günlük Vətən müharibəsi və onun nəticələri ilə bağlı müxtəlif mövqeləri olub. Yəni həmin komandada olan, amma dövlətin siyasətini dəstəkləyənlər də olub. Hakimiyyəti tənqid edən fərqli fikir irəli sürənləri birmənalı Elçibəy komandası kimi təqdim etmək doğru deyil. Bir daha deyirəm, Elçibəy komandasının heç də hamısı onlar kimi düşünmürdü.

Bu gün heç bir partiya, onun lideri deyə bilməz ki, biz Elçibəyin davamçısıyıq. Çünki müxtəlif partiya rəhbərləri var və hər birinin xətti başqadır. O ki qaldı onların siyasi taleyinə, hesab edirəm, bunu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticəsi göstərəcək. Kimlərin qalıb, kimlərin gedəcəyini seçkidən sonra biləcəyik. Onu da deyim ki, Əbülfəz Elçibəyin komandasında olan bir çox siyasi lider bu gün qocalıb. Yəni onları yeni gənc kadrlar əvəz edə bilər. Bu, təbii prosesdir.

Ağ Partiya başqanı Tural Abbaslı isə deyib ki, Əbülfəz Elçibəyin dövründən qalan müxalifətin siyasi səhnədən gedib-getməməsi subyektiv fikirdir:

63565415a7cc363565415a7cc4166660200566108f1e4b6e0598c47bc5150a710106 2

Tural Abbaslı

“Ümumiyyətlə bu şəxslərin özü bu suala cavab verməlidir. Yəni onlar siyasətdən getmək istəyirlərmi? Ya da onlar siyasi fəaliyyətlərini bitirmək istəyirlərmi? Bu kimi sualları onlar özü ayrı-ayrılıqda cavablamalıdır.
Bu gün onların bir çoxu iddia edə bilər ki, hakimiyyətə gəldikləri zaman aktual olan şüarlar, ideologiya, siyasi konsepsiya bu gün keçərli deyil və onlar bunu dəyişərək siyasi fəaliyyətlərinə davam edə bilər. Ya da bunu etməyib, bitirə də bilərlər.

Ümumi mənada isə deyə bilərəm ki, hansısa siyasətçinin, ya da qrupun, komandanın siyasətdə qalmasına, getməsinə seçicilər, elektorat qərar verməlidir. Yəni belə bir tələb varsa, onlar siyasətdən gedə bilər. İctimai fikir, medianın rəyi daha önəmlidir.

Sosioloji sorğular keçirib, müəyyənləşdirmək olar ki, bu şəxslər siyasətdən getməlidirmi? Onlar heç vaxt öz istəyi ilə siyasətdən getməz. Mən gördüyüm odur ki, həmin şəxslər bu gün yeni siyasi partiyalara, onların fəaliyyətinə qara yaxmaqla məşğuldurlar”.

Böyük Quruluş Partiyasının sədri, VI çağırış Milli Məclis deputatı Fazil Mustafa isə deyib ki, bu məsələni sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra müzakirə etmək lazımdır:

fazil 2

Fazil Mustafa

“İndidən bu məsələni müzakirə etmək doğru deyil. Hər halda seçkinin nəticəsi hər şeyi bəlli edəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: