ermeni abs esgerleru

Ermənistanda başda ABŞ-Fransa olmaqla ciddi Qərb təsiri hiss edilir. Son aylarda bu ölkəyə təlimlər adı altında gələn ABŞ hərbçilərinin bir çoxunun Ermənistanı tərk etmədiyi iddia edilir. Bundan başqa, Fransa və Avropa İttifaqının müdafiə xərcləri adı altında Ermənistana verdiyi maddi dəstək də diqqət çəkir.

Bir çox ekspert iddia edir ki, Qərbin Ermənistana təsiri sırf Rusiyanın bu ölkədəki təsirinin azaldılması ilə bağlıdır. Bununla belə Rusiya mövcud vəziyyətə sərt reaksiya vermir, İrəvana təzyiq etmir.

Qərb Rusiyanın Ermənistandakı təsirini qıra biləcək? Kreml artan qərb təsirinə qarşı nə qədər dözəcək? Ehtimal hansı addımlar atıla bilər?

Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, ABŞ-da prezident seçkiləri hələ olmayıb və əslində bir çox şey bu seçkilərin nəticəsindən asılı olacaq:

“Rusiya-Ukrayna müharibəsinin aqibəti də hələlik bəlli deyil. Əslində birbaşa olmasa da Cənubi Qafqazdakı proseslərə həm də bu məsələ təsir edir. Əgər Rusiya güclənə bilməsə və Donald Tramp seçkilərdə qələbə qazana bilməsə Ermənistanın Qərbə inteqrasiyası davam edəcək. Bu həm də Qərbin Ermənistandakı nüfuzunun artması deməkdir. Lakin bu dediklərimin əksi olarsa, bu zaman Rusiyanın Cənubi Qafqazdakı mövqeləri güclənəcək.

Ermənistan Baş naziri Nikol Paşinyan əslində bu halda yaranacaq təhlükənin fərqindədir. Buna görə də son zamanlar etiraf edir ki, İrəvan balanslı siyasət aparmalıdır. Paşinyan radikal şəkildə Qərbə inteqrasiya siyasətini balanslayır. Buna görə də KTMT-də fəaliyyətini dondursa da təşkilatdan çıxmır. Bundan başqa, son zamanlar Rusiya-Ermənistan ticarət dövriyyəsi artıb”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: