İsrail və HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin yaradılması prinsipləri barədə razılığa gəlib. Bu barədə ABŞ Prezidenti Co Bayden X səhifəsində məlumat yayıb.
“Altı həftə əvvəl mən atəşkəs və girovların qaytarılması üçün hərtərəfli sövdələşmə prinsiplərini irəli sürdüm. Hələ görüləsi işlər var və bunlar mürəkkəb məsələlərdir, lakin prinsiplər indi İsrail və HƏMAS tərəfindən razılaşdırılıb”, – deyə Ağ Ev rəhbəri bildirib.
Bəzi ekspertlər iddia edir ki, İsrailin HƏMAS-la atəşkəsə razı olmasının əsas səbəbi məhz “Hizbullah”la müharibəyə hazırlaşmasıdır.
Bu iddia nə dərəcə də doğrudur? Atəşkəs uzunmüddətli olacaq? İsrail Hizbullaha qarşı əməliyyatlara hazırlaşır?
Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, Prinsipial olaraq həm HƏMAS, həm də İsrail atəşkəsə razıdır:
Kənan Rövşənoğlu
“Çünki hər iki tərəf yorulub, Qəzza demək olar ki, dağıdılıb, yaşayaş məskənlərinin 70 faizdən çoxu məhv edilib. İsrail ordusu da yorulub, daha irəli getmək və vəd olunduğu kimi HƏMAS-ı məhv etmək mümkün olmadı. Üstəlik beynəlxalq aləm İsrail daxilindəki müharibə əleyhdarları hökuməti sıxır.
İndi əsas mübarizə İsrail daxilindəki radikal sağ qüvvələr arasında gedir. İfrat sağçılar hökumətin HƏMAS-la atəşkəsə getməsinə qarşıdır. Onlar hesab edir ki, HƏMAS, “Hizbullah” kimi təşkilatlarla danışıqlara getmək olmaz. Amma reallıq başqadır və reallıq müharibənin, xüsusən də Livana qarşı müharibənin daha böyük risklərinin olduğunu deyir. Yəni indi ifrat sağçılar, İsrail ordusu və hökumət içindəki praqmatik qüvvələr arasında kəskin mübarizə var.
Hiss olunur ki, Baş nazir Netanyahu hökumətin dağılmasının qarşısını almaq üçün radikal sağın tələblərinə boyun əyir. Çünki əks təqdirdə radikalların çəkilməsi ilə hökumət dağıla bilər. Yəni hər şey İsrail hökuməti daxilindəki razılaşmadan asılı olacaq. Hərbçilər yeni müharibəyə qarşıdır, ən azı ordunun müəyyən müddət istirahət etməsini istəyirlər. Əsas məsələ ifrat sağçı siyasətçilərin necə anlaşacağından asılı olacaq”.
Turan Rzayev
Globalinfo.az