Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonun yeni anti-Rusiya sanksiyaları tətbiq etməsini Kremlin cavabsız qoymayacağını bildirib.
Rusiya hazırda yeni müharibəyə başlaya bilərmi? ABŞ-ı necə cacab verəcək?
Politoloq Azad Məsiyev Globalinfo.az-a deyib ki, Rusiya və Çin ABŞ-ı narahat edən əsas iki dövlətdir:
“Rusiyanın hərbi, Çinin isə iqtisadi gücü rəsmi Vaşinqtonu qorxuya salır. ABŞ bu iki ölkəyə qarşı müharibə elan edib. Rusiya-Ukrayna müharibəsinin başlamasının səbəbi də budur. Kremlə tətbiq olunan sanksiyalar, məhdudiyyətlər dünyanın iqtisadi, siyasi sistemini kökündən pozdu. Rusiyanın isə özünü müdafiə etmək haqqı var. Ukrayna müharibəsi başlamamışdan əvvəl dəfələrlə bəyan edilmişdi ki, NATO-nun ölkə sərhədlərinə doğru irəliləməsi birbaşa Rusiyaya təhdiddir. Təəssüf ki, ABŞ bu çağırışları nəzərə almadı”.
Politoloqun fikrincə, hazırda siyasi qarşıdurma daha kəskin fazaya keçmək üzrədir:
“ABŞ-ın anti-Rusiya siyasətinə Kreml adekvat cavab verir. ABŞ NATO ölkələrini təxribat yolu ilə Rusiya üzərinə qaldırır. Sərhəd olan dövlətlər rəsmi Moskvaya qarşı qərəzli çıxışlar edir. Rusiya prezidenti Vladimir Putin açıq şəkildə bildirib ki, ölkə üçün təhlükəli vəziyyət yaranarsa, rəsmi Moskva nüvə silahından istifadə edəcək. Birləşmiş Ştatların apardığı avantürist siyasət nəticəsində dünya nüvə silahı təhlükəsi ilə üz-üzə qalıb. Bu proses baş tutarsa, bəşəriyyət çox əziyyət çəkəcək”.
Azad Məsiyevin sözlərinə görə, ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etməsinin məqsədi Kremli iqtisadi cəhətdən zəiflətməyə hesablanıb:
“Yaranacaq problemlər nəticəsində xalqın ayağa qalxaraq Putini devirəcəyini düşünürlər. Əslində Ukrayna müharibəsi başlamamışdan əvvəl Rusiya və ABŞ arasında müəyyən razılıq var idi. Vaşinqtondan hansı təklif gəlirdisə, Moskva onu qəbul edir, qarşıdurmaya getmirdi. Lakin müharibənin başlaması bu əlaqələri əksinə çevirdi və iki tərəf arasında münasibətlər gərginləşməyə başladı. ABŞ-ın bu yanaşması Rusiyanı “oyatdı”.
Rusiyaya tətbiq olunan sanksiyaların ən böyük ziyanını Avropa dövlətləri çəkir. Statistik məlumatlara görə, Avropa iqtisadiyyatında çöküş yaranıb. Maşınqayırma sənayesində zəifləmələr var. Rusiya gün çıxandan-gün batana bir əraziyə, yeraltı-yerüstü sərvətlərə, nüvə silahına malikdir. Onu belə sanksiyalarla çökdürmək qeyri-mümkündür”.
Safura Bənnayeva
Globalinfo.az