eliyev pasinyan mirzoyan

Aprelin 17-dən başlayaraq Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesi Xocalıda davam edib. Xocalının hava limanında Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdən sonra sülhməramlılara məxsus hərbi texnika bölgəni tərk edib.

Maraqlıdır, istər sülh müqaviləsi, istərsə də xəritələrin müəyyənləşdirilməsi prosesində Rusiyaya rol ayrıla bilərmi? Yəni Azərbaycan və Ermənistan kartlarını özləri bölüşəcək, yoxsa vasitəçi qüvvələr ortaya çıxacaq?

Politoloq Natiq Miri mövzu ilə bağlı Globalinfo.az-a danışıb.

O deyib ki, sülh müqaviləsi Rusiya ilə razılaşdırılacaq məsələ olmaqdan çoxdan çıxıb:

“Bu gün danışıqlar prosesində Rusiyadan asılı məsələlər var. Məsələn, sərhədlərin delimitasiya və demarkasiyası. Eyni zamanda Rusiya Baş Qərargahında olan xəritələrlə bağlı dəstəyə müəyyən ehtiyac var. Lakin buna baxmayaraq, sülh danışıqlarında Rusiyanın heç bir rolu yoxdur, olmamalıdır.

Zəngəzur dəhlizi məsələsində Rusiyanın nəzarət mexanizmini həyata keçirməsinə yeganə əngəl olan ölkə Ermənistandır. Ermənistan qəti bunu istəmir. Rusiya özü üçün yeni rol və fəaliyyət sferası müəyyənləşdirmək fikrindədir. Ona görə də adekvat addımlar atmalıyıq”.

N.Miri vurğulayıb ki, imzalanacaq sənəd ikitərəfli qaydada reallaşacaq:

“Doğrudur, Rusiyaya müəyyən mənada məlumat vermək lazımdır. Eyni zamanda ABŞ və Avropa Birliyini də prosesdən agah etməliyik. Ancaq bu, o demək deyil ki, Rusiyanın prosesdə vasitəçi olaraq iştirakına yol açmalıyıq. Qətiyyən bunu etmək olmaz. Bu gün ATƏT-in Minsk qrupu Azərbaycanın razılığı olmadığı üçün fəaliyyət göstərə bilmir. Azərbaycan Ermənistana bu institutun ləğvi ilə bağlı birgə müraciət etməyi təklif edib. Ermənistan hələ də “ölü doğulan uşağı” dəfn etməyə hazırlaşmır. Bu qurum fəaliyyətini davam etdirdiyi müddətcə tərkibində kimlərsə yeni rol almaq istəyir. Fransa, Rusiya, ABŞ və s. Doğrudur, bu 3 ölkənin birgə fəaliyyəti mümkün deyil. Hələlik üfüqdə belə görüntü yoxdur. Hər bir halda bu qurumun “basdırılması”na ehtiyac var. Azərbaycan Prezidenti də haqlı olaraq kiçik də olsa, bu şübhə toxumunu tamamilə məhv etmək fikrindədir. Kənardan kimlər isə “quyruq bulaya bilər”. Amma bu, o demək deyil ki, prosesə tamamilə əngəl ola bilərlər. Ermənistan artıq anlayıb ki, bütün sahələr üzrə təhlükəsizliyi region ölkələri, xüsusilə Türkiyə və Azərbaycanla əməkdaşlıq və normal münasibətlər sistemindən keçir. Əks təqdirdə Ermənistan tamamilə bata və yox ola bilər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: