pasinyanin partiyasi

CivilNet Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatları Layihəsi (OCCRP) ilə birlikdə Ermənistanda hakim Mülki Müqavilə Partiyasına şübhəli ianələrlə bağlı araşdırma dərc edib. Məlum olub ki, pul verən bir çox vətəndaş ya partiya fonduna köçürdükləri məbləğdən xəbərsizdirlər, ya da bu ianələr onların gəlirlərinə uyğun gəlmir.

Araşdırmalara görə, 2022-ci ildə hakim partiyaya guya pul bağışladığı iddia edilən 140 nəfərdən yalnız 6-sı istisna olmaqla, 134 nəfər yerli orqanlara seçkilərdə Mülki Müqavilənin namizədi olub. Şərh üçün əlaqə saxlayan 31 donorun yarısı hər hansı ianə etmədiklərini bildirib. Qalanları pul köçürdüklərini xatırlamadıqlarını deyiblər və yaxud suallara cavab verməkdən imtina ediblər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, analoji araşdırmalara çox rast gəlinib:

“Əslində, bununla bağlı bir çox beynəlxalq təşkilatlar Ermənistanın mövcud hakimiyyətində korrupsiyanın, rüşvətin olmasını ortaya qoyub. Amma təəssüf ki, bu araşdırmanı aparan təşkilatların aid olduqları Qərb ölkələri Paşinyan hakimiyyətini demokratik adlandırırlar.

2018-ci ilin aprel ayında hakimiyyətə gəldikdən sonra Paşinyanın rəqiblərinə qarşı hansı addımlar atdığının, nələr etdiyinin şahidi olmuşuq. Proses indi də davam edir.

Ermənistanda partiyaların maliyyələşdirilməsi ilə bağlı mövcud qanunun tələbləri kobud şəkildə pozulur. Aparılan araşdırmalar bir daha onu deməyə əsas verir ki, Paşinyan hakimiyyətinin demokratik olmasından söhbət belə gedə bilməz”.

X.Bəşirovun sözlərinə görə, Paşinyan hər vəchlə çalışır ki, hakimiyyətdə qalsın:

“Hakimiyyətinin ömrünü uzatmaq üçün o həm partiyaların maliyyələşməsində qanun pozuntusuna yol verir, həm də rəqiblərini bir-bir aradan götürür.

Əslində, bütün bunları Qərbdə də çox yaxşı görürlər, analiz edirlər. Göz yummalarının əsas səbəbi isə Paşinyanın onların işinə yaramasıdır. Paşinyanla işləri bitdikdən sonra ona qarşı da təzyiqlərin şahidi olacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: