Növbədənkənar prezident seçkiləri elan edilsə də, müxalifət səssizliyini qoruyur. Ümumiyyətlə, İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı kimi müxalifətin inkarçı və radikal qanadının təmsilçiləri məsələ ilə bağlı ciddi nəsə deməyib.
Maraqlıdır, İlham Əliyevə qalib gələ biləcəklərini, debatlarda onu və hakimiyyətini üstələyəcəklərini deyən müxalifət nümayəndələri nədənsə seçkiləri boykot yolu tuturlar.
Bəzi ekspertlər hesab edir ki, əvvəlki seçkilərdə kampaniya aparmaq nisbətən asan idi. Əksər müxalifət lideri Qarabağ demaqogiyası edib, ictimai rəğbət qazana bilirdilər. Hazırda prezident İlham Əliyev rəqiblərini əzici üstünlüklə geridə qoyur. Onun təkcə son 3 ildə apardığı siyasəti qarşısında yarışa girmək çox çətindir.
Bununla belə, ölkədə seçki mühiti olmalıdır. Siyasi partiya rəhbərləri seçkidə öz güclərini sınamalıdırlar.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Müşfiq Cəfərov deyib ki, əslində bu bir növ ölkə başçısının xalqın dəstəyinə olan inamından irəli gəlir:
“Hazırda İlham Əliyevə rəqib olmaq heç də asan deyil. Qarabağ qələbəsi, daxildəki sosial-iqtisadi islahatlar İlham Əliyevin qələbəsinin şərtləndirən əsas faktorlar sırasındadır. Bu, digər siyasətçiləri namizədliklərini irəli sürməkdən çəkindirir. Məhz xalqın dəstəyinin olmayacağını anlayan siyasi partiya rəhbərləri seçkidə iştirakdan bu və ya başqa formada yayınacaqlar.
Müşfiq Cəfərov
Düşünürəm ki, elə seçkidə iştirak etməyən siyasi liderlər də İlham Əliyevin gücünü və xidmətlərini qəbul edib, bunun qarşısında mübarizə apara bilməyəcəklərini anlayırlar. Təbii ki, namizədlərin siyahısında başqa sürpriz adların olacağı istisna deyil. Qarşıda Azərbaycanı olduqca maraqlı seçki kampaniyası, gərgin debatlar gözləyir. Demokratik seçki mühitinin daima qorunduğu ölkəmizdə növbəti şəffaf seçki prosesində bütün namizədlərə uğurlar arzu edirəm. Əlbəttə ki, xalq yenə də öz namizədini sərbəst şəkildə seçəcəkdir”.
Tural Abbaslı
Ağ Partiya başqanı Tural Abbaslı isə deyib ki, başqa partiyaların rəhbərləri haqda danışmağı sevmir:
“Biz özümüzə cavabdehik. Ağ Partiya olaraq hələlik bu məsələni dəyərləndiririk. Hələlik namizədimizin kim olması və ümumilikdə seçkidə iştirak edib-etməmək barədə konkret qərar verməmişik.
Adıçəkilən şəxslərin seçkidə iştirak edib-etməməsi siyasi mənada əhəmiyyət kəsb etmir. Onların nə edib-etməyəcəyini özləri bilər. Onların namizəd olacağı təqdirdə bunun cəmiyyətdə fərqli qarşılanacağını da düşünmürəm”.
Turan Rzayev
Globalinfo.az