isr 11111

İsrail-HƏMAS müharibəsi uzandıqca dünya ictimaiyyətinin məsələyə yanaşması dəyişir. Müsəlman ölkələr bir-birinin ardınca İsrailə qarşı ayağa qalxır. Türkiyədən sonra Misirdə də onminlərlə insan “Təhrir” meydanına yığışıb. Son 10 ildə “Təhrir”də belə izdiham olmamışdı.

Maraqlıdır, bu proses sonda sivilizasiyaların toqquşmasına səbəb ola bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, aylardır dünya gündəmini zəbt edən Ukrayna müharibəsi İsrail-Fələstin münaqişəsinə görə arxa plana keçib:

“Oktyabrın 7-də HƏMAS-ın hücumu ilə yenidən alovlanan Fələstin-İsrail qarşıdurması şiddətini günü-gündən artırır. İsrail Fələstin torpaqlarını işğal etməyə cəhd edərkən aralarında uşaq və qadınların da olduğu yüzlərlə insan həyatını itirir. Bir çox müsəlman ölkələrində İsrailə qarşı etiraz nümayişləri keçirildiyi halda Qərb rəsmiləri Təl-Əvivi dəstəkləyir.

Sovet İttifaqı dövründən bəri Fələstin rəhbərliyi ilə sıx təmasda olan Moskvanın münasibəti isə fərqlidir. Moskva atəşkəsin tezliklə əldə olunmasını istəyir. Bölgədə sülhün yalnız Fələstin dövlətinin qurulması ilə mümkün olduğunu müdafiə edir. Başqa sözlə, Kreml Fələstin ərazisinin İsrail tərəfindən tam işğalına və regionda Qərbin dəstəklədiyi vahid dövlətin mövcudluğuna qarşıdır.

zuriye qarayeva

Züriyə Qarayeva

Ukrayna-Rusiya müharibəsinin arxa planda qalması da buna təsir edir. Digər tərəfdən, Rusiyanın Yaxın Şərqdəki yeni hadisələrə yanaşması və Fələstin dövlətinin qurulmasını dəstəkləməsi, şübhəsiz ki, Rusiya-İsrail münasibətlərinə, eləcə də Moskvanın region ölkələri ilə əlaqələrinə təsir göstərəcək. İsrail Ukraynaya birbaşa yardım göndərməyərək Rusiya-Ukrayna məsələsində bitərəf qalmağa çalışıb. Əslində, bu münasibətə görə həm Ukrayna, həm də Qərb İsraili ittiham edirdi. Ancaq Moskvanın açıqlamaları göstərir ki, son illərdə Rusiya ilə İsrail arasında yaxınlaşma bitəcək və Kremlin ərəb ölkələri ilə əməkdaşlığı güclənəcək. Ona görə də artıq Yaxın Şərqdə mövcud olan Rusiya-Qərb mübarizəsi daha da dərinləşəcək. Bu baxımdan müharibənin lokal zəmindən çıxma ehtimalı daha böyük görünür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: