Son zamanlarda Rusiyanın Azərbaycana qarşı mövqeyində müşahidə olunan dəyişik ciddi müzakirə edilir. Kremlin iki əsrdən çox davam edən işğalçılıq siyasətindən sonra Bakıya qarşı niyyətini və yanaşmasını dəyişməsi diqqətçəkən məqam kimi dəyərləndirilir.
Uzun illərdir ermənipərəst mövqeyi ilə seçilən Kremlin Qarabağ məsələsində nisbətən sakit qalması, hətta Azərbaycanın haqlı mövqeyini müəyyən qədər dəstəkləməsi müzakirələrə səbəb olub. Moskvanın davranışı təqdir edilsə də, ölkə daxilində ruslara qarşı ənənəvi yanaşma olduğu kimi qalır. Cəmiyyətdə Rusiya ilə bağlı fikirlər dəyişmir.
Bəs ümumilikdə yanaşmamızı nə dərəcədə doğru hesab etmək olar? Son proseslər fonunda bu münasibət necə qiymətləndiriliməlidir?
Mövzunu Globalinfo.az-a dəyərləndirən politoloq İlyas Hüseynov bildirib ki, bu məsələdə bir neçə məqam var:
“Rusiyanın Azərbaycana qarşı tutumunun dəyişməsi, Bakının mövqeyini müdafiə etməsi cəmiyyət tərəfindən birmənalı şəkildə qarşılanmır. Bunun özünəməxsus səbəbləri var. SSRİ-nin dağılması ərəfəsi və sonrakı dövrdə Rusiyanın ermənipərəst yanaşması, torpaqlarımızın işğal olunması, Xocalı soyqırımı, 20 Yanvar qətliamı müəyyən mənada ictimai rəyə təsir edən mühüm amillərdir. Düşünürəm ki, bu faktlar uzun müddət ərzində ictimai şüurda qalacaq və tarix boyu unudulmayacaq”.

İlyas Hüseynov
Politoloq Moskvanın İrəvana yeni yanaşmasının kökündə dayanan səbəblərə aydınlıq gətirib:
“Son dövrlər Azərbaycana yönəlik addımlar Rusiyanın seçim etməsi və yaxud geopolitik düşüncəsinin dəyişməsi kimi qiymətləndirilməməlidir. Ermənistanın Qərbə inteqrasiyası, ABŞ hərbçiləri ilə təlimlər, Roma statusunun ratifikasiyası, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) daimi nümayəndəsinin geri çağırılması, ictimai və siyasi rəhbərlikdə Rusiya əleyhinə çıxış edən şəxslərin demarşı nəticəsində vəziyyətin belə dəyişdiyini görürük. Əlbəttə burada Azərbaycan tərəfinin normativləri dəqiq şəkildə izah etməsi və milli maraqlarımızın tələb olunması faktı da mütləq dəyərləndirilməlidir. Lakin indiki məqamda hadisələri düzgün anlamaq və şərh etmək tələb olunur. İctimai rəydə Rusiyaya qarşı olan neqativ fon ola bilsin ki, bundan sonra da davam edəcək”.
İ.Hüseynov sadəcə bir halda Azərbaycan cəmiyyətinin Rusiyaya qarşı münasibətinin müəyyən qədər dəyişə biləcəyini deyib:
“Hadisələrin gedişatını izləmək lazımdır. Uzun illər ərzində ardıcıl olaraq Rusiya indiki mövqeyini qoruyub saxlaya bilsə, Azərbaycan və Türkiyə ilə münasibətlərə önəm versə, bu, ictimai şüura mütləq surətdə təsir edəcək. Nəticədə Rusiya ictimai rəydə reabilitasiya oluna bilər. Amma hazırda atılan addımlar ola bilsin ki, ictimai rəyə güclü təsir etmək iqtidarında deyil. Əlbəttə ki, Azərbaycanın manevr imkanları, Prezident İlham Əliyevin qlobal təfəkkürü və geosiyasi gedişləri çox doğru, sərrast şəkildə hesablaması ölkəmizin uğurlarını şərtləndirən ən vacib prioritetdir”.
Ayşən Mustafa
Globalinfo.az