Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “NewsMax”a müsahibəsində bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-ın etibarlı tərəfdaşıdır.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Bakı və İrəvan arasında sülhə nail olmaq səyləri Cənubi Qafqazın strateji landşaftını dəyişib və Azərbaycan ilə ABŞ arasında münasibətlərdə yeni dövr açıb.
Bununla yanaşı, H.Hacıyev Cənubi Qafqaz üçün mühüm bir tarixi – 2025-ci il avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ arasında birgə bəynnamənin imzalanmasını xatırladıb. O vurğulayıb ki, Donald Trampın şəxsi iştirakı onilliklər ərzində beynəlxalq diplomatiyanın nail ola bilmədiyi nəticəni əldə etməyə imkan verib.
H.Hacıyev həmçinin bildirib ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Azərbaycana səfər edərək strateji tərəfdaşlığa dair sənədi imzalayanda Vaşinqton vədinə əməl edib.
Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, Azərbaycan xarici siyasətdə məqsədyönlülük, qətiyyət və ardıcıllıq nümayiş etdirir:
“Məhz bu yanaşmanın nəticəsidir ki, dünyanın dəyişkən reallıqlarına rəsmi Bakı çevik, bir o qədər də adekvat cavab verir. ABŞ-ın əvvəlki administrasiyasının vaxtilə apardığı uğursuz siyasətin nəticəsi olaraq Bakı ilə münasibətlərdə ciddi soyuqluq əmələ gəlmişdi. Bu isə Azərbaycan tərəfindən yaranmış vəziyyət olmayıb, heç şübhəsiz ki, keçmiş prezident Co Bayden və dövlət katibi Antoni Blinken ikilisinin mövqeyinin və addımlarının nəticəsi idi. Bu gün Azərbaycan Cənubi Qafqazın geosiyasi və geoiqtisadi mənzərəsini dəyişir. Məhz bu dəyişkənlikdə Azərbaycanla ABŞ münasibətlərində yeni bir dövr açılır.
Bütövlükdə isə ABŞ Prezidenti Trampın şəxsiyyəti də son dərəcə fərqli simaya malikdir. Bu fərqliliyin özü də mahiyyətə yeni məzmun qazandırır. O, öz fəaliyyətində siyasi gərginliklərdən daha çox iqtisadi layihələrə, əməkdaşlığa və tərəfdaşlığa önəm verir. Azərbaycanla tutulan strateji xətt də bundan ibarətdir. Həmçinin Bakının da strategiyası budur.
Donald Tramp aydın dərk edirdi ki, Cənubi Qafqazda olmalı reallıq bundan ibarətdir. Məhz ona görə də Cənubi Qafqaz regionuna sülhün gətirilməsindən başqa bir alternativin mövcud olmadığını həm başa düşür, həm də Azərbaycan liderinə bu istiqamətdə etimad göstərirdi. Cənab Prezident İlham Əliyevin yanaşması da bundan ibarətdir ki, Cənubi Qafqaz artıq müharibə və münaqişə imicindən xilas olaraq əməkdaşlıq məkanı kimi anılsın.

Şəbnəm Həsənova
Məhz bunun nəticəsidir ki, bölgəyə investisiya layihələri cəlb edilir. Şübhəsiz ki, bunların ən nəhənglərindən biri TRIPP layihəsidir. TRIPP layihəsi vasitəsilə Cənubi Qafqazın taleyi yenidən yazılır.
8 avqust 2025-ci il tarixi, demək olar ki, yeni tarixin başlanğıcı kimi də səciyyələndirilə bilər. 30 ildən çox davam edən münaqişəyə son qoyulması ilə biz artıq yeni bir mərhələyə qədəm qoymuşuq. İllər ərzində diplomatiyanın nail ola bilmədiyinə isə Azərbaycan nail oldu.
Bu işdə Donald Trampın şəxsi iştirakının olması da, onun şahidliyi ilə baş tutması da prosesi daha da möhkəmləndirdi və bərkitdi. Bu gün ABŞ-Azərbaycan münasibətlərində yeni bir dövr başlayıb.
Strateji tərəfdaşlığa dair yeni memorandumun hazırlanması barədə razılığa gəlinməsi münasibətlərin daha da dərinləşdiriləcəyindən xəbər verir. Vitse-prezident Cey Di Vensin Azərbaycana səfərindən sonra biz artıq ABŞ-ın mövcud ritorikasının əməllərə və praktiki müstəviyə keçdiyinin şahidi olduq. ABŞ və Azərbaycan arasında münasibətlər dostluq, əməkdaşlıq və tərəfdaşlıq kontekstində daha da dərinləşdirilir. Azərbaycan ABŞ-ın regionda etibarlı və etimad qazanmış tərəfdaşıdır”.
Turan Rzayev
Globalinfo.az