Yanacaq qiymətlərinin kəskin artması Suriyada kütləvi etirazlara səbəb olub. Məlumata görə, ölkədə dizel yanacağının qiyməti 40% artıraraq litri 175 Suriya funtuna (1,32 dollar) çatıb.
Hökumətin bu qərarına etiraz edən nümayişçilər təkərləri yandırıb və paytaxt Dəməşqi Hələb sənaye mərkəzi ilə birləşdirən magistral yol da daxil olmaqla, əsas yolları bağlayıblar.
Etirazçılarla daxili təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Bu, 2024-cü ilin dekabrında ölkənin keçmiş lideri Bəşər Əsədin devrilməsindən bəri ən böyük iğtişaşdır.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Suriyada neft yanacağının, dizelin, benzinin və digər məhsulların bahalaşması etirazlara gətirib çıxardı:
“Burada əsas problem vəziyyəti fürsət bilərək müəyyən qrupların etirazların dalğalanmasına səbəb olmasıdır. Çünki Suriya getdikcə öz suverenliyini və ərazi bütövlüyünü təmin edir. Kürd silahlı qruplarının ləğvi, inteqrasiyası, liderlərinin siyasi proseslərə inteqrasiyası və hakimiyyətdə yer alması istiqamətində müəyyən addımlar atıldı.
Təbii ki, Suriyada sabitlik istəməyən qüvvələr də bundan istifadə etməyə çalışırlar. Bu etirazların əsas səbəblərindən biri isə uzun illər davam edən müharibədən sonra Suriyada iqtisadi vəziyyətin ağır olmasıdır. Prezident Əhməd Əl Şara hökuməti dəfələrlə təhsil və tibb işçilərinin əməkhaqlarını artırıb, bu istiqamətdə ciddi islahatlar həyata keçirir.

Məhəmməd Əsədullazadə
Türkiyənin də Suriyaya hərbi, siyasi və iqtisadi dəstəyi var. Türkiyə Suriyanın sabitliyi, ərazi bütövlüyü istiqamətində mühüm addımlar atır. Lakin İsrail Suriyada kürd silahlı qruplaşmalarının inteqrasiyasını qəbul etmir. Druzlara dəstək verir. Siyasi sabitliyin təmin olunmasında maraqlı deyil. Həmçinin Əsəd rejiminin müəyyən qalıqları və tərəfdarları da Suriyada siyasi sabitliyin təmin olunmasında maraqlı deyillər.
Bu baxımdan, etirazlar təkcə sosial xarakter daşımır. Bu etirazların arxasında müəyyən mərkəzlərin olduğu və onların Suriyada yenidən vətəndaş müharibəsinə, xaosa və anarxiyaya gətirib çıxara biləcək proseslərdə maraqlı olduğu istisna deyil. Əsas məqsəd Suriyanın sabitləşməsinin və inkişafının qarşısını almaq, eyni zamanda Türkiyənin bu ölkədəki rolunu mümkün qədər neytrallaşdırmaqdan ibarətdir.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriya səfəri fonunda bu etirazların baş verməsi təsadüfi deyil. Yaranmış vəziyyətdən istifadə edən müəyyən silahlı qruplar yenidən fəallaşa, silahlı qarşıdurmalar baş verə bilər”.
Turan Rzayev
Globalinfo.az