Azərbaycanda könüllü razılaşmaya əsasən borclunun əməkhaqqından 50 faiz həddində tutulma aparılması mümkündür.
Globalinfo.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi qərar qəbul edib.
Qərarda deyilir ki, kassasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında müvafiq qanunvericilik normalarının düzgün tətbiq edilməməsi halı müəyyən olunmadığından Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416-cı və 418-ci maddələrinə uyğun hesab edilməlidir.
Konstitusiyanın 12-ci, 16-cı və 35-ci maddələrinin, habelə Əmək Məcəlləsinin 175-ci və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əməkhaqqının sosial-iqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əməkhaqqından akseptsiz qaydada tutmanın əlli faiz həddində aparılması mümkün hesab edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.