Ölkəmizdə Qurban bayramı münasibətilə bayram namazı 28 iyun tarixində qılındı. Lakin bir sıra ölkələrdə (İndoneziya, Pakistan, Malayziya, Çin) bayram namazı bu gün qılınıb. Bu isə ictimaiyyətdə müəyyən fikir ayrılığına səbəb olub.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli deyib ki, hər il Ramazan və Qurban bayramı ilə bağlı belə bir narahatlıq ortaya çıxır:
“Ümumiyyətlə, bu astronomik hadisə ilə bağlıdır. Misal üçün, Azərbaycanın üfüqündə Ayın görünməsi Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə təsdiqlənir. Bu qərardan sonra ölkənin bütün məscidlərində bayram namazı qılınır. Bu il də bu belə oldu.
O ki qaldı sizin qeyd etdiyiniz ölkələrdə bayram namazının bu gün qılınmasına, bunda təəccüblü nəsə yoxdur. Ümumiyyətlə, bayram 28-29 iyun tarixlərində qeyd edilir və bu gün də bayram namazının qılınması mümkündür. Bu həm də həmin ölkələrin səmasında Ayın görünməsi ilə də bağlıdır”.
Turan Rzayev
Globalinfo.az














