Rusiyanın “RİA Novosti” İnformasiya Agentliyi məlumat yayıb ki, ABŞ Azərbaycanın antiterror keçirəcəyini əsas gətirərək Xankəndidəki oyuncaq rejimi Bakı ilə dialoqa məcbur edir.
Zaman-zaman erməni mediasında da Vaşinqtonun sülh danışıqlarına qərarlı yanaşması, hər iki tərəfi, xüsusilə Ermənistanı sülhə təşviq etməsi, hətta İrəvana bunun üçün təzyiq göstərməsi ilə bağlı iddialar yayımlanır.
Bəs bütün bunlar nə dərəcədə reallığa uyğundur? ABŞ-ın prosesə sözügedən şəkildə yanaşması mümkündürmü? Burada əsas məqsədi nədir?
Mövzunu Globalinfo.az-a şərh edən beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Vaşinqtonun proseslərdəki mövqeyini dəyərləndirib və bölgədəki hədəflərindən söz açıb:
“Burada ABŞ-ın timsalında əsas yanaşma ondan ibarətdir ki, prosesləri əngəlləyən və daimi münaqişə vəziyyəti yaradan Rusiyadır. Rusiyanın rıçaqları da adətən separatçı rejimlər olur. Bu qruplaşmalar bölgədə toqquşma mühitini aktiv saxlamaqla Rusiyanın mövcudluğunu təmin edirlər. Ona görə də Vaşinqton qalıcı sülhün əldə olunacağı təqdirdə hər iki ölkənin sistemində ciddi şəkildə inteqrasiya, əməkdaşlıq, bu ölkələrin İran və Rusiya ilə sərhəd olma avantajlarını da nəzərə alaraq, gələcəyə yönəlik ciddi tərəfdaşlıq ehtimalını düşünür. Məsələnin kökündə bu amil dayanır.
![]()
Əziz Əlibəyli
Xankəndi üzərində belə bir vurğunun edilməsi, onların artıq qlobal səviyyədə hədəfə qoyulması bu məsələnin Azərbaycanın xeyrinə həllini artırır. Lakin bir dezavanatajı da var. Bu, açıq şəkildə Qarabağdakı separatçıları ABŞ mövqeyindən hədəfə çevirməkdirsə, bunun əksinə onları himayə edən qüvvələri də leqallaşdırmış ola bilər. Biz bunu Fransanın, Avropadakı hər hansı gücün, yaxud Rusiyanın timsalında görə bilərik. Yəni elə ciddi bir dezavantaj deyil, amma hər halda nəzərə alınmalıdır”.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Moskva açıq şəkildə Bakı ilə Xankəndi arasında dialoqun əleyhinədir:
“Rusiya Xarici İşlər Nazirliyi iddia edib ki, ABŞ-ın Qarabağdakı maraqlarını separatçıların “xarici işlər naziri” Sergey Kazaryan təmsil edir. Moskvanın iddiasına görə, Amerika üçün lobbiçilik edən Kazaryan Vaşinqtonun mövqeyinə uyğun olaraq rəsmi Bakı ilə Qarabağ erməniləri arasında dialoqun tərəfdarıdır. Rusiya XİN-nin və Kremlin nəzarətindəki media strukturlarının Sergey Kazaryanı “xain” kimi göstərməsi ondan xəbər verir ki, Moskva Bakı ilə Xankəndi arasında təmasların və dialoqun əleyhinədir.

Elxan Şahinoğlu
Kremlin yaydığı xəbərdə bir məqam da diqqəti çəkir, deməli, amerikalılar Qarabağ ermənilərini xəbərdar ediblər ki, Bakı ilə dialoq alınmasa Azərbaycan ordusu bölgədə antiterror əməliyyatına başlayacaq. Burada gizli heç nə yoxdur, həqiqətən dialoq alınmasa, separatçılar tərksilah olunmasalar antiterror əməliyyatı qaçılmaz olacaq. Kreml sülhdə maraqlı olsaydı, Vaşinqtonu ittiham etmədən əvvəl özü Qarabağ ermənilərinə izah etməli idi ki, Bakı ilə dialoqu davam etdirmək lazımdır”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonun Bakı ilə Xankəndi arasındakı danışıqlarda güc tətbiqi təhdidi ilə vasitəçi olmağa çalışmasının narahatlıq doğurduğunu bildirib.
Ayşən Mustafa
Globalinfo.az