Lentsov yenə Arutyunyanla görüşdü, vəd verdi

Lentsov yenə Arutyunyanla görüşdü, vəd verdi

Rusiya sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsov Xankəndidə yenidən separatçılarla görüşüb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, görüşdə separatçıların lideri Araik Arutyunyan da daxil olmaqla, bir çox separatçı iştirak edib.

Onlar 10 noyabr 2020-ci il bəyanatını 6-cı maddəsinə (Laçın yolu ilə bağlı) əməl olunmasını istəyiblər. Lentsov isə yaxın günlərdə Bakıya gedəcəyini (onun 3 mayda Bakıya gələcəyi gözlənilir – red.) və müzakirələr aparacağını bildirib.

Bu, ötən həftə təyinat alan Lentsovun Arutyunyanla 2-ci, separatçılarla 3-cü görüşüdür.

Qeyd edək ki, Həkəri körpüsü üzərində sərhəd-keçid məntəqəsi qurulduqdan sonra erməni separatçılar və Ermənistan rəsmiləri 10 noyabr 2020-ci il bəyanatının 6-cı bəndini əsas gətirməyə çalışırlar. Halbuki sözügedən bəyanatın 4-cü bəndi – rus sülhməramlı kontingentinin yerləşməsi ilə erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxması və 9-cu bəndi – Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən və Rusiya FTX-nin nəzarətində olacaq yolun açılmasını təmin etməməklə, bəyanatın maddələrini çoxdan pozublar.

Əvəzində isə Azərbaycanın humanitar yol kimi maneəsiz gediş-gəlişə şərait yaratdığı Laçın yolundan silah, mina daşınması və Qarabağdakı qanunsuz silahlıların yenidən toparlanması, sayının artırılması üçün sui-istifadə ediblər.

Hazırda da yol humanitar məqsədlər üçün açıqdır, lakin Ermənistan artıq bu yolla silah-sursat, mina və şəxsi heyət daşıya bilmir.