Türkiyədə son günlər baş verən güclü yağışlar, fırtına və burulğanlar ciddi fəsadlara səbəb olub. İstanbulda leysan yağışları can itkisi ilə nəticələnərkən, oktyabrın 27-də Antalyanın Kəpəz rayonunda baş verən burulğan tikinti sahəsində dörd işçinin ölümünə, bir nəfərin isə yaralanmasına səbəb olub. Hadisə zamanı işçilərin qaldığı iki konteyner dağılıb, kran aşıb.
Türkiyədə güclü yağışlar, fırtına və burulğanların artmasının səbəbi nədir? Belə güclü fırtına və burulğanlar Azərbaycana da çata bilərmi?
Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin (İB) sədri, ekoloq İradə Həsənova deyib ki, hadisə zamanı işçilərin qaldığı iki konteynerin dağılması və kranın aşması ekstremal hava şəraitində insanların təhlükəsizliyinin nə qədər vacib olduğunu göstərir:
“Hava şəraitində baş verən kəskin dəyişikliklər yalnız iqtisadi ziyanla məhdudlaşmır, birbaşa insan həyatını da təhlükə altına alır. Türkiyədə güclü yağışların, fırtınaların və burulğanların yaranmasını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada qlobal iqlim dəyişiklikləri, atmosfer prosesləri, dəniz səthinin temperaturu və yerli meteoroloji şərait birlikdə rol oynayır. Əvvəla, qlobal istiləşmə atmosferdəki rütubətin artmasına və intensiv yağıntılar üçün əlverişli şəraitin yaranmasına səbəb olur. Hava temperaturu yüksəldikcə atmosfer daha çox su buxarı saxlaya bilir. Müvafiq atmosfer şəraiti yarandıqda bu rütubət qısa müddətdə güclü leysanlara çevrilə bilər. Ümumdünya Meteorologiya Təşkilatının məlumatlarına görə, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişiklikləri dünyanın bir çox bölgəsində intensiv yağıntıların artmasına təsir göstərir”.

İradə Həsənova
Ekoloq bildirib ki, digər mühüm amil Aralıq dənizinin isinməsidir:
“Dəniz səthinin temperaturunun yüksəlməsi atmosferə ötürülən istilik və rütubətin miqdarını artıra, müəyyən şəraitdə güclü şimşəkli yağışların və fırtınaların inkişafını gücləndirə bilər. Lakin konkret hadisənin yaranmasını yalnız dənizin isinməsi ilə əlaqələndirmək üçün əlavə meteoroloji təhlil tələb olunur. Ekstremal hava hadisələrinin fəsadlarını azaltmaq üçün qabaqlayıcı tədbirlər gücləndirilməlidir. İlk növbədə, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi, təhlükəli hava şəraiti barədə məlumatların əhaliyə vaxtında çatdırılması və tikinti sahələrində əməyin mühafizəsi qaydalarına ciddi əməl olunması vacibdir. Xüsusilə tikinti ərazilərində işçilərin qaldığı müvəqqəti konteynerlər güclü küləyə qarşı dayanıqlıq baxımından qiymətləndirilməli, kranlar və digər ağır texnika üçün təhlükəsizlik tədbirləri görülməlidir. Hava şəraiti təhlükəli həddə çatdıqda açıq sahələrdə işlər dayandırılmalı, işçilər təhlükəsiz sığınacaqlara keçirilməlidir. Eyni zamanda, şəhərlərdə yağış sularının idarə olunması sistemləri yenilənməli, drenaj infrastrukturu gücləndirilməli, yaşıllıqlar qorunmalı və iqlim riskləri şəhərsalma planlarında nəzərə alınmalıdır”.
İ.Həsənova qeyd edib ki, Türkiyədə baş verən faciəli hadisələr təbiətə münasibətimizi və təhlükəsizlik yanaşmamızı yenidən nəzərdən keçirməyin vacibliyini göstərir:
“İqlim dəyişiklikləri artıq yalnız gələcəyin ekoloji problemi deyil, insanların həyatına, şəhərlərin dayanıqlılığına və iqtisadi təhlükəsizliyə təsir edən real çağırışdır. Azərbaycan da bu reallıqdan nəticə çıxarmalı, təhlükəli hava hadisələrinə hazırlığı gücləndirməli və ekoloji təhlükəsizliyi dövlət qurumlarının, bələdiyyələrin, biznesin və cəmiyyətin ortaq məsuliyyətinə çevirməlidir. Çünki təbiət hadisələrinin qarşısını həmişə almaq mümkün olmasa da, elmi proqnozlaşdırma, vaxtında xəbərdarlıq və düzgün təşkil olunmuş təhlükəsizlik tədbirləri insan itkilərinin qarşısını almaqda həlledici rol oynaya bilər”.
Ləman İmran
Globalinfo.az