Son dövrlər tanınmış şəxslərin vəsiyyətnamələri və miras bölgüsü ilə bağlı yaranan mübahisələr məsələnin hüquqi tərəfini gündəmə gətirir. Türkiyəli aktyor Kadir İnanırın miras bölgüsü ətrafında yaranan müzakirələrdən sonra İbrahim Tatlıses və mərhum Ferdi Tayfurun mirası ilə bağlı ailədaxili fikir ayrılıqları da xatırladılıb.
Bəs vəsiyyətnamə olduqda miras hansı qaydada bölünür?
Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, vərəsəliklə bağlı hüquq normaları hər bir dövlət tərəfindən qanunvericiliyə uyğun tənzimlənir:
“Türkiyə qanunvericiliyindəki norma və müddəalar Azərbaycan qanunvericiliyində yoxdur. Eyni zamanda, bizdə olan bəzi müddəalar onlarda tətbiq olunmur. Amma Azərbaycan Mülki Məcəlləsinin vərəsəliklə bağlı bölməsinin tələblərinə görə, vəfat edən şəxs özündən sonra hər hansı vəsiyyətnamə qoymuş olsa belə, müəyyən hallarda digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ da tanınır. Qanun üzrə vərəsəlik Mülki Məcəllə tərəfindən müəyyən edilmiş qaydalara və normalara uyğun olaraq, növbəlilik əsasında şəxsin vəfat etməsindən sonra onun yaxın qohumlarının vərəsə ola bilməsi ilə bağlı tətbiq olunan norma və qaydalardır”.
Vəkil bildirib ki, Azərbaycanda iki vərəsəlik növü müəyyən olunub:
“Bunlar vəsiyyət üzrə vərəsəlik və qanun üzrə vərəsəlikdir. Vəsiyyət üzrə vərəsəlik odur ki, şəxs konkret adama öz əmlakını vəsiyyət edir. Qanun üzrə vərəsəlik isə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada şəxsin yaxın qohumlarının vərəsəliyi ilə bağlı müddəalardır. Əgər verilmiş vəsiyyətnamə vərəsələrdən hər hansı biri tərəfindən mübahisələndirilərsə, burada vəsiyyətnamənin etibarsızlığından söhbət gedə bilər. Məsələn, ölən şəxsin çətin durumda olması səbəbindən məcburi olaraq hər hansı şəxsin xeyrinə vəsiyyət etməsi halı ola bilər. Eyni zamanda, vəsiyyətnaməni alan şəxsin müxtəlif yollardan istifadə etməklə manipulyasiya edərək mülkiyyətçidən, yəni ölən şəxsdən hər hansı vəsiyyətnamə alması ilə bağlı şübhələr yarana bilər. Ona görə də istənilən halda vərəsələr tərəfindən vəsiyyətnamə mübahisələndirilə bilər. Mübahisələndirmə məhkəmə qaydasında həyata keçirilir”.
Ramil Süleymanov
R.Süleymanov məhkəmə vəsiyyətnamənin hər hansı səbəbdən verilməsi, düzgün tərtib edilməməsi və ya şəxsin iradəsini əks etdirməməsi qənaətinə gələrsə, onun etibarsız olması haqda qərar verilə bilər:
“Nəticə etibarilə, burada artıq vəsiyyət üzrə vərəsəlik aradan qalxmış olur və ümumi əmlak qanun üzrə vərəsələr arasında bölünür”.
Zaira Akifqızı
Globalinfo.az