ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff “Washington Examiner”də dərc olunan məqaləsində Naxçıvandan bəhs edib. O bildirib ki, Azərbaycanın Naxçıvana maneəsiz çıxış əldə etməsi məsələsinə yeni düşüncə tərzi və yaradıcı üsullarla həll yolu tapılıb.
Stiven Uitkoff bunun ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla səmərəli işi sayəsində mümkün olduğunu qeyd edib.
Diqqətçəkən məqam Uitkofun bu məqaləni Prezident İlham Əliyevin Naxçıvana səfəri ərəfəsində yazmasıdır.
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Stiven Uitkoffun TRIPP-lə bağlı məqaləsinin Prezident İlham Əliyevin Naxçıvana səfəri ilə eyni vaxta təsadüf etməsi siyasi baxımdan diqqətçəkən sinxronluqdur:
“Bunun əvvəlcədən koordinasiya edildiyini təsdiqləyən konkret məlumat olmadığı üçün bunu qəti şəkildə planlaşdırılmış addım adlandırmaq olmaz. Lakin iki hadisənin yaratdığı siyasi mesaj bir-birini tamamlayır: Naxçıvan Azərbaycanın əsas ərazisi ilə maneəsiz bağlantı məsələsinin əsas ünvanıdır, Uitkoff isə məhz bu bağlantının TRIPP vasitəsilə təmin edilməsini Vaşinqtonun son bir ildə üzərində işlədiyi regional model kimi təqdim edir. Prezident Əliyevin Naxçıvan səfəri fonunda ABŞ prezidentinin xüsusi nümayəndəsinin TRIPP-i artıq yalnız Azərbaycan-Ermənistan kommunikasiyası deyil, Xəzər istiqamətində davam etdirilə və hətta Yaxın Şərqdə tətbiq oluna biləcək daha geniş konsepsiya kimi təqdim etməsi məsələyə əlavə geosiyasi məna qazandırır”.
Politoloq qeyd edib ki, burada daha mühüm məqam TRIPP-in tədricən lokal nəqliyyat layihəsindən beynəlxalq tranzit və geoiqtisadi konsepsiyaya çevrilməsidir:
“Əgər Uitkoffun qeyd etdiyi kimi, marşrut Xəzər üzərindən davam etdirilərsə, Azərbaycan və Naxçıvan Şərq-Qərb bağlantısının daha böyük arxitekturasında mühüm halqaya çevriləcək. Bu isə Azərbaycanın Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Türkiyə–Avropa xəttində tranzit mövqeyini gücləndirə bilər. Ona görə məqalə ilə Naxçıvan səfərinin zaman baxımından üst-üstə düşməsini ən azı güclü siyasi simvolizm yaradan hadisə kimi qiymətləndirmək mümkündür: Bakı Naxçıvanın strateji əhəmiyyətini ön plana çıxararkən, Vaşinqton eyni vaxtda həmin coğrafiyanı daha böyük regional bağlantı modelinin əsas elementlərindən biri kimi təqdim edir”.
Turan Rzayev
Globalinfo.az