Xəbər verdiyimiz kimi, Suriya məhkəməsi ölkənin sabiq prezidenti Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü çıxarıb. Bu qərar tarixdə hakimiyyətdən devrildikdən sonra ağır cəzaya məhkum edilən liderləri yenidən gündəmə gətirib.
Bəşər Əsədlə oxşar taleyi yaşayan rəhbərlər kimlər olub?
Globalinfo.az bu barədə araşdırma edib.
Beləliklə;
– Norveçin baş naziri və nasist Almaniyası ilə əməkdaşlıq edən Vidkun Quisling – İkinci Dünya müharibəsindən sonra dövlətə xəyanət və digər cinayətlərdə təqsirli bilinib, 24 oktyabr 1945-ci ildə Oslodakı Akershus qalasında güllələnərək edam edilib.
– Pierre Lavalın (Pyer Laval) Fransanın keçmiş baş naziri və İkinci Dünya müharibəsi illərində nasist Almaniyasının nəzarəti altında olan Vişi marionet hökumətinin başçısı — dövlətə xəyanətdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. O, 15 oktyabr 1945-ci ildə Paris yaxınlığındakı Fresn həbsxanasında güllələnərək edam olunub.
– İon Antonesku — Rumıniyanın keçmiş diktatoru və marşalı — 1 iyun 1946-cı ildə Buxarest yaxınlığındakı Jilava həbsxanasında güllələnərək edam edilib. O, Xalq Tribunalı tərəfindən müharibə cinayətləri və nasist Almaniyası ilə ittifaq, həmçinin İkinci Dünya müharibəsi dövründə törədilmiş cinayətlərə görə ölüm cəzasına məhkum edilmişdi.
– Ferens Salasi -İkinci Dünya müharibəsindən sonra məhkəmə qərarı ilə 12 mart 1946-cı ildə Budapeştdə asılaraq edam edilib. O, faşist “Ox Xaçı” partiyasının rəhbəri və Macarıstanın baş naziri olaraq xalqına və bəşəriyyətə qarşı ağır cinayətlər törətdiyi üçün ölüm hökmünə məhkum olunmuşdu.
– Voytex Tuka — slovak faşist siyasətçi və 1939–1944-cü illərdə marionet Birinci Slovakiya Respublikasının baş naziri olub. O, müharibə cinayətləri və kollaborasionizmə (düşmənlə əməkdaşlığa) görə ölüm cəzasına — asılaraq edam edilməyə məhkum edilib və 20 avqust 1946-cı ildə Bratislavada edam olunub.
– Yozef Tiso — İkinci Dünya müharibəsi illərində marionet Birinci Slovakiya Respublikasının prezidenti olub. O, Çexoslovakiyanın Milli Məhkəməsi tərəfindən dövlətə xəyanət, nasist Almaniyası ilə kollaborasionizm və insanlıq əleyhinə cinayətlərə görə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. 18 aprel 1947-ci ildə Bratislavada asılaraq edam olunub.
– Hideki Tojo — İkinci Dünya müharibəsi illərində Yaponiyanın baş naziri və generalı olub. O, Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunalın qərarı ilə müharibə cinayətləri və təcavüzkar müharibələrin başlanmasına görə ölüm cəzasına məhkum edilib. 23 dekabr 1948-ci ildə Tokiodakı Suqamo həbsxanasında asılaraq edam olunub.
– Koki Hirota— Yaponiyanın keçmiş baş naziri və diplomatı olub. O, Tokio Beynəlxalq Hərbi Tribunalı tərəfindən A kateqoriyalı müharibə cinayətlərinə görə ölüm cəzasına məhkum edilib. İttihamlardan biri onun xarici işlər naziri olduğu dövrdə Nankin qətliamının qarşısının alınması üçün kifayət qədər tədbir görməməsi ilə bağlı idi. 23 dekabr 1948-ci ildə Tokiodakı Suqamo həbsxanasında asılaraq edam olunub.
– İmre Nad 1958ci il iyunun 16da Budapeştdə edam olunub. O, 1956-cı ilin üsyanından sonra sovet qüvvələri tərəfindən devrilib və gizli məhkəmədə vətən xainliyində ittiham edilərək ölümə məhkum edilib.
– Türkiyənin keçmiş Baş naziri Adnan Menderes, 27 may 1960-cı il hərbi çevrilişindən sonra Yassıadada mühakimə olundu. 15 sentyabr 1961-ci ildə başa çatan məhkəmə prosesi nəticəsində ölüm cəzasına məhkum edildi. Milli Birlik Komitəsinin təsdiqindən sonra 17 sentyabr 1961-ci ildə İmralı adasında asılaraq edam edildi.
– Pakistanın keçmiş prezidenti və baş naziri Zülfiqar Əli Bhutto 1979-cu il aprelin 4-də Ravalpindi həbsxanasında asılaraq edam edilmişdir. O, siyasi rəqibinin qətlində təqsirli bilinərək, general Məhəmməd Ziya-ül-Həqqin rəhbərlik etdiyi hərbi çevrilişdən sonra mübahisəli məhkəmə qərarı ilə ölüm hökmünə məruz qalıb.
– Rumıniyanın sabiq prezidenti Nikolae Çauşesku və həyat yoldaşı Yelena Çauşesku 1989-cu il dekabrın 25-də Tırqovişte şəhərində qısamüddətli hərbi tribunal tərəfindən mühakimə olunduqdan sonra güllələnərək edam ediliblər. Bu hadisə ölkədə baş verən xalq inqilabı və kommunist rejimin süqutu fonunda baş verib.
– Cənubi Koreyanın sabiq prezidenti Çun Du Hvan 1996-cı ildə dövlət çevrilişi və Kvanju qırğınına görə ölüm hökmünə (edama) məhkum edilib. Lakin sonradan cəzası ömürlük həbsə dəyişdirilib və o, 1997-ci ildə prezident əfv ilə sərbəst buraxılıb. Çun Du Hvan 2021-ci ildə 90 yaşında vəfat edib.
– İraqın sabiq prezidenti Səddam Hüseyn 30 dekabr 2006-cı ildə sübh tezdən Bağdad şəhərində dar ağacından asılaraq edam edilib. Ölüm hökmü İraq Ali Cinayət Məhkəməsi tərəfindən insanlığa qarşı törətdiyi cinayətlərə, xüsusilə 1982-ci ildə Düceyl kəndində 148 şiənin öldürülməsinə görə çıxarılmış və Qurban bayramı günü icra olunub.
– Məhəmməd Mursi 2015-ci ildə edam cəzasına məhkum edilsə də, hökm icra olunmayıb. Ləğv edilən və yenidən baxılan proseslərdən sonra o, 17 iyun 2019-cu ildə casusluq ittihamı ilə məhkəmə iclası zamanı ürək tutmasından (kəskin ürək çatışmazlığından) vəfat edib.
– Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf 2019-cu il dekabrın 17-də dövlət xəyanəti ittihamı ilə qiyabi olaraq edam cəzasına məhkum edilsə də, 2020-ci il yanvarın 13-də Lahor Ali Məhkəməsi hökmü ləğv etdi. Müşərrəf edam olunmayıb, o, 2023-cü il fevralın 5-də Dubay xəstəxanasında uzun sürən xəstəlikdən sonra vəfat edib.
– Banqladeş keçmiş baş naziri Şeyx Hasina 2024-cü ildə hökumət əleyhinə etirazların yatırılmasında insanlığa qarşı cinayətlərə görə 2025-ci ildə qiyabi olaraq edam cəzasına məhkum edilib. Bu qərar hələ də qüvvədədir.
– Konqo Demokratik Respublikasının (KDR) Ali Hərbi Məhkəməsi 2025-ci ilin oktyabr ayında keçmiş prezident Cozef Kabilanı qiyabi olaraq edam cəzasına məhkum edib. O, dövlətə xəyanət və hərbi cinayətlərdə ittiham olunub. Bu qərar hələ də qüvvədədir.
Safura Bənnayeva
Globalinfo.az