Şimali İraq Kürd Muxtariyyətinə bağlı “Rudav”ın məlumatına görə, PKK Türkiyə sərhədlərindəki 81 strateji mövqeni tərk edərək, İran sərhədinə doğru geri çəkilib. Həmçinin Hakkarinin Yüksəkova rayonunun qarşısındakı Metina vadisində yerləşən və 1750 metr yüksəklikdəki strateji Təpə Xveda (Tanrının təpəsi) bölgəsi də boşaldılmış ərazilər arasındadır.
Türkiyə Silahlı Qüvvələrinin quru və hava əməliyyatlarının təzyiqi altında bu nöqtələrin boşaldılması, hüquqi çərçivə prosesi zamanı potensial münaqişələrin qarşısının alınması istiqamətində addım hesab olunur.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Türkiyə illərdir terrorla mübarizə aparır:
“Həm Prezident Rəcəb Tayyib Ərdoğan, həm də digər rəsmilər müntəzəm olaraq bildirlər ki, terrorla mübarizə Türkiyənin prioritetlərindəndir. Bu məsələ rəsmi Ankara üçün strateji əhəmiyyətli, taleyüklü hadisədir.
Zaman-zaman terrorla mübarizədə nəticələr əldə olunub. Terrorçular və onlardan istifadə edənlər də başa düşürlər ki, bu cəhdlər əbəsdir, prosesin sonu yoxdur. PKK-nın Türkiyə sərhədlərindəki 81 strateji mövqeni tərk etməsi qardaş ölkənin terrorla mübarizəsinin uğurlu nəticəsidir. Yəqin ki, proses davam edəcək və yaxın gələcəkdə Türkiyə üçün terror təhdidinə tamamilə son qoyulacaq”.
Siyasi şərhçi deyib ki, PKK sərhəddə İrana təhlükə yarada bilər:
“ABŞ uzun illərdir Tehran üzərində təzyiq rıçaqlarını genişləndirmək üçün müxtəlif vasitələrdən istifadə edir. Bu strategiyanın mühüm istiqamətlərindən biri də İranın kürd bölgələrində etnik və siyasi narazılıq potensialından faydalanmaq cəhdləri kimi qiymətləndirilir. Vaşinqton hesab edir ki, İranın şimal-qərbində yaşayan kürdlərin fəallaşması Tehranın təhlükəsizlik resurslarını daxilə yönəldə, bununla da onun regiondakı təsir imkanlarını zəiflədə bilər. Məhz buna görə İran rəhbərliyi uzun illərdir kürd məsələsini təkcə daxili təhlükəsizlik problemi deyil, həm də xarici güclərin istifadə edə biləcəyi geosiyasi təzyiq aləti kimi qiymətləndirir”.
Turan Rzayev
Globalinfo.az