Gulu vital

Son günlər Azərbaycanda özəl tibb müəssisələri ilə bağlı yayılan görüntülər və iddialar cəmiyyətdə ciddi narahatlıq doğurub. Yasamaldakı “Vital Hospital”da ölü doğulan körpənin zirzəmiyə atıldığı iddiası, eləcə də sosial şəbəkələrdə “Dr. Gülü” kimi tanınan şəxsin xəstəni narkozsuz əməliyyat etdiyi görüntüləri səhiyyə sahəsində nəzarət və peşəkarlıq məsələlərini yenidən gündəmə gətirib.

Səhiyyə sahəsində nələr baş verir? Bu cür hadisələr cəmiyyətin səhiyyə sisteminə inamına necə təsir göstərir?

Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, bu hadisələr ayrı-ayrılıqda qiymətləndirilməli olsa da, onların qısa müddət ərzində ard-arda ictimailəşməsi cəmiyyətdə səhiyyə sisteminə olan etimadın bir az daha sarsılmasına səbəb olur:

“Sosial şəbəkələrdə yayılan hər iddia hüquqi və tibbi araşdırma nəticəsində təsdiqlənmədən fakt kimi qəbul edilməməlidir. Lakin iddiaların özü belə, səhiyyədəki nəzarət mexanizmlərinin effektivliyi barədə suallar yaradır və ictimai narahatlığı haqlı olaraq artırır. Əgər hər hansı tibb müəssisəsində etik normaların, sanitariya qaydalarının və ya tibbi protokolların pozulduğu təsdiqlənərsə, bu, təkcə həmin müəssisənin deyil, bütövlükdə səhiyyə sektorunun nüfuzuna zərbə vurur. İnsanlar bir neçə neqativ hadisəni ümumiləşdirərək bütün klinikalara qarşı etimadsızlıq formalaşdırmağa başlayırlar. Halbuki Azərbaycanda beynəlxalq standartlara uyğun fəaliyyət göstərən, peşəkar həkimlərin çalışdığı çoxlu özəl tibb müəssisələri də mövcuddur”.

nermin abbasli

Nərmin Abbaslı

N.Abbaslının fikrincə, bu cür hadisələrin bir başqa təsiri də insanlarda qorxunun yaranmasıdır:

“Belə hadisələrə görə xəstələr tibbi yardıma gec müraciət edə, həkim seçimində tərəddüd edə və ya ümumiyyətlə səhiyyə sisteminə inamını itirə bilər. Səhiyyədə güvən ən vacib resurslardan biridir. Pasiyent həkimə inanmadıqda müalicəyə əməl etmə göstəricisi azalır, müalicənin nəticələri də mənfi nəticələnə bilir. Digər mühüm məsələ nəzarət mexanizmləridir. Müasir səhiyyə sistemində əsas məqsəd hadisə baş verdikdən sonra cəzalandırmaq deyil, riskləri əvvəlcədən aşkar edib qarşısını almaqdır. Bunun üçün özəl tibb müəssisələrinin lisenziyalaşdırılması, mütəmadi auditlər, klinik keyfiyyət indikatorlarının monitorinqi, pasiyent şikayətlərinin operativ araşdırılması və tibbi personalın davamlı müasir standartlara cavab verən sertifikasiyası gücləndirilməlidir”.

Nərmin Abbaslı əlavə edib ki, informasiya şəffaflığı da böyük əhəmiyyət daşıyır:

“Belə hadisələr zamanı aidiyyəti dövlət qurumları operativ, əsaslandırılmış və ictimaiyyəti qane edən açıqlamalar verməlidir. Əks halda informasiya boşluğu şayiələr və dezinformasiya ilə dolur ki, bu da panikanı və səhiyyə sisteminə olan güvənsizliyi daha da artırır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: