tural abbasli 1

Globalinfo.az AĞ Partiya sədri Tural Abbaslı ilə müsahibəni təqdim edir:

– Tural bəy, dövlət səviyyəsində sosial şəbəkələrdə davranış qaydaları, hüquqi məsuliyyət və mümkün tənzimləmə mexanizmləri ilə bağlı müzakirələr aparılır. Eyni zamanda, bir çox tanınmış şəxslər bildirirlər ki, valideynlərin azyaşlı uşaqların telefon və sosial şəbəkə istifadəsinə nəzarət imkanları getdikcə məhdudlaşır. Hətta uşaqlardan telefonun alınmasının mümkünsüz olduğunu deyirlər. Bu sahədə effektiv nəzarət mexanizmi qurmaq mümkündürmü?

– Sosial şəbəkələrin müasir dünyadakı rolu və təsiri nəzərə alınaraq bu sahədə dövlət nəzarəti mexanizmlərinin və hüquqi tənzimləmələrin olması vacibdir. Sosial şəbəkələr artıq insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib və cəmiyyətə təsiri böyükdür. Buna görə qanunvericilik bazasının formalaşdırılması zəruridir. Burada həm platforma sahibi şirkətlərin məsuliyyəti müəyyən edilməli, həm də istifadəçilərin hüquq və azadlıqlarının qorunması üçün aydın qaydalar yaradılmalıdır. Məqsəd hüquq pozuntularının qarşısını almaq və ictimai maraqları qorumaqdır. Bu məsələlər hüquqi çərçivədə balanslı şəkildə tənzimlənməlidir. Sosial şəbəkələr dünyanı kiçik bir kəndə çevirib və uzaq məsafələrdəki insanların düşüncələrinə, xüsusilə gənclərə təsir göstərir. Dezinformasiya, zərərli ideyalar və neqativ məzmun sürətlə yayılır. Buna görə bu sahədə mexanizmlərin hazırlanması və təkmilləşdirilməsi vacibdir. Bu məsələ tək bir ölkəyə aid deyil, bir çox dövlətlərdə müxtəlif tənzimləmə təşəbbüsləri həyata keçirilir və bu təcrübələr öyrənilə bilər. Bu qlobal çağırışdır və dövlətlər uyğun həll yolları axtarır. Sosial şəbəkələrə tam ideal nəzarət mexanizmi yaratmaq çətin olsa da, sahənin tam nəzarətsiz qalması da doğru deyil. Müəyyən tənzimləyici addımlar vacibdir. Lakin bu mexanizmlər söz azadlığını, fikir plüralizmini və özünüifadə hüququnu məhdudlaşdırmamalıdır. Əsas məsələ təhlükəsizlik, ictimai maraq və fundamental hüquqlar arasında balansın qorunmasıdır.

– Sosial şəbəkələrdə sərhəd harada başlamalı və harada bitməlidir?

– Sosial şəbəkələrdə sərhədlərin harada başlayıb, harada bitməsi məsələsi ilk növbədə insanın mənəvi dünyasından, əxlaqından, dini və həyat dəyərlərindən asılıdır. Çünki insan real həyatda hansı prinsiplərlə yaşayırsa, əksər hallarda həmin prinsiplər onun sosial şəbəkələrdəki davranışında da öz əksini tapır. Əgər bir insanın gündəlik həyatında heç bir mənəvi meyarı, əxlaqi çərçivəsi və ya dəyər sistemi yoxdursa, böyük ehtimalla sosial şəbəkələrdə də özünü eyni şəkildə ifadə edəcək. Əksinə, əgər insan müəyyən etik normalara, qadağalara, məsuliyyət hissinə və həyat prinsiplərinə sahibdirsə, bunlar onun sosial media fəaliyyətində də görünəcək. Bu baxımdan sosial şəbəkələrdə sərhədlərin müəyyənləşdirilməsi zamanı ümumi ictimai maraqlar əsas götürülməlidir. Məncə, sərhədlər o nöqtədə bitir ki, artıq başqasının hüquq və azadlıqlarına müdaxilə başlanır. Bir insanın ifadə azadlığı digər şəxsin hüquqlarını pozmağa, onun şərəf və ləyaqətinə toxunmağa, şəxsi həyatına müdaxilə etməyə və ya cəmiyyətə zərər vurmağa yönəlirsə, həmin nöqtədə sərhəd çəkilməlidir. Demokratik cəmiyyətlərdə də əsas prinsip məhz bundan ibarətdir: hər kəsin fikir və ifadə azadlığı var, lakin bu azadlıq başqa insanların hüquq və qanuni mənafelərinə zərər vuracaq həddə qədər uzana bilməz.

– Son dövrlər sosial şəbəkələrdə təhqir, söyüş, şəxsi həyata müdaxilə və dezinformasiyanın artdığı müşahidə olunur. Bu vəziyyət söz azadlığının sui-istifadəsi hesab oluna bilərmi?

– Sosial şəbəkələrdə təhqir və böhtan xarakterli paylaşımlar söz azadlığından sui-istifadə hesab oluna bilər. Söz azadlığı fikir bildirmək, tənqid etmək və mövqe ifadə etmək hüququ versə də, başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir. Buna görə də dövlətlər bu hallarla mübarizə üçün müxtəlif hüquqi mexanizmlər formalaşdırıblar. Digər tərəfdən, bəzi hallarda bu sui-istifadə hallarını əsas gətirərək sosial şəbəkələrə və ifadə azadlığına geniş məhdudiyyətlər tətbiq etmək düzgün yanaşma deyil. Ayrı-ayrı şəxslərin qanun pozuntularına görə bütün istifadəçilərin hüquqlarının məhdudlaşdırılması doğru həll sayıla bilməz. Yanaşma fərdiləşdirilməlidir: əgər kimsə təhqir, böhtan və ya digər qanunazidd əməllərə yol verirsə, məsuliyyət həmin şəxsin üzərində olmalıdır. Qanun çərçivəsində tənqid edən şəxslərin fəaliyyətinə isə maneə yaradılmamalıdır. Nəticə etibarilə, əsas məsələ azadlıqla məsuliyyət arasında balansın qorunmasıdır. Söz və ifadə azadlığı demokratik dəyərdir, lakin sui-istifadənin qarşısının alınması üçün ədalətli hüquqi mexanizmlər olmalıdır.

-Sosial şəbəkələrdə nəzarət mexanizmlərinin formalaşdırılması, sui-istifadə hallarının qarşısının alınması və bu sahənin hüquqi tənzimlənməsi üçün qanunvericilik aktlarının hazırlanması vacibdir. Bəs bu ədalətli şəkildə həllini tapacaq?

– Problemin həlli yalnız qanunlarla məhdudlaşmamalıdır. Əsas məsələ təhsildir. Gənclər biliklə yanaşı mənəvi dəyərlər, məsuliyyət hissi və düzgün davranış qaydaları ilə yetişdirilməlidir. Təhsil sistemi həm təlim, həm də tərbiyə funksiyasını yerinə yetirməlidir. Əks halda bunun nəticələri sosial şəbəkələr də daxil olmaqla müxtəlif sahələrdə görünəcək. Araşdırmalar göstərir ki, sosial şəbəkələrdəki məzmun cəmiyyətin inkişaf səviyyəsi, təhsil və mədəniyyət göstəriciləri ilə sıx bağlıdır. Bəzi ölkələrdə elmi və maarifləndirici məzmunlar üstünlük təşkil edir, digərlərində isə əyləncə xarakterli məzmunlar daha çoxdur. Sosial şəbəkə sadəcə vasitədir, əsas məsələ istifadəçilərin bilik və mədəniyyət səviyyəsidir. Savadlı və məsuliyyətli gənclik formalaşdıqda sosial şəbəkələrdə daha keyfiyyətli məzmunlar yaranacaq. Ona görə də sosial şəbəkələrlə bağlı problemlərin həllində hüquqi mexanizmlərlə yanaşı təhsil və tərbiyəyə də xüsusi diqqət yetirilməlidir.

– Deputat Ülviyyə Həmzəyevanın Milli Məclisdəki çıxışı ictimai müzakirələrə səbəb olub. Onun bəzi sözləri düzgün tələffüz etməməsi, xüsusilə də müəyyən səsləri və hərfləri düzgün vurğulamaması tənqidlərə yol açıb. Məsələn, c,ç,k hərfini düzgün səsləndirmir. Sizcə, ictimai vəzifə daşıyan şəxslər, xüsusilə deputatlar üçün nitq mədəniyyəti və tələffüz üzrə xüsusi təlimlərin təşkili vacibdirmi?

Azərbaycan dilinin müxtəlif dialekt və şivələri mövcuddur. Ölkənin ayrı-ayrı bölgələrində sözlərin tələffüzü və səslərin ifadə forması fərqlənə bilər. Bu, dilimizin zənginliyinin və tarixi inkişafının bir hissəsidir. Mən hesab etmirəm ki, bu məsələ siyasətçi və ya ictimai-siyasi xadim üçün xüsusi müzakirə mövzusu olmalıdır. Rəsmi çıxışlarda ədəbi dil normalarına riayət olunması arzuolunandır, lakin bölgə şivəsindən istifadə etmək ciddi müzakirə predmeti olmamalıdır. Əsas diqqət insanın necə danışdığına deyil, nə dediyinə yönəlməlidir. Siyasətçinin çıxışında vacib olan onun fikirləri, təklifləri və mövqeyidir. Məzmundan çox tələffüz üzərində dayanmaq əsas məsələdən yayındırır. Ülviyyə xanımın fəaliyyəti ilə bağlı müxtəlif siyasi və ictimai mövzularda müzakirələr aparmaq mümkündür, lakin tələffüz və ya dialekt xüsusiyyətləri siyasi müzakirənin əsas mövzusu olmamalıdır. Siyasətdə əsas qiymətləndirmə meyarı fəaliyyət, mövqe və təqdim olunan məzmundur.

– Milli Məclisin hazırkı fəaliyyəti ictimai gözləntiləri nə dərəcədə qarşılayır? Parlamentin rolunu daha effektiv etmək üçün hansı dəyişikliklərə ehtiyac var?

– Təəssüflə qeyd etməliyik ki, Azərbaycan cəmiyyətində Milli Məclisə olan ictimai etimad arzuolunan səviyyədə deyil. Bu, təkcə hazırkı parlamentlə bağlı deyil, əvvəlki çağırışlarda da zaman-zaman müzakirə olunan məsələlərdən biri olub. Bunun əsas səbəblərindən biri insanların parlamentdən gözləntilərinin yüksək olmasıdır. Vətəndaşlar hesab edirlər ki, onların gündəlik həyatına təsir edən problemlərin həllində, qanunvericilik təşəbbüslərinin hazırlanmasında və dövlət idarəçiliyinə nəzarətdə parlament daha fəal rol oynamalıdır. Təbii ki, bu gözləntilərin bir qismi tam əsaslıdır, bir qismi isə müxtəlif səbəblərdən reallıqla tam üst-üstə düşməyə bilər. Lakin fakt budur ki, cəmiyyətin gözləntiləri ilə parlamentin fəaliyyəti arasında müəyyən fərqin olması ictimai etimadın azalmasına təsir göstərən amillərdən biridir. Mənim fikrimcə, parlamentin fəaliyyətinin daha effektiv olması üçün ilk növbədə müxtəlif siyasi baxışların, ideoloji mövqelərin və ictimai maraqların daha geniş şəkildə təmsil olunması vacibdir. Parlament müxtəlif fikirlərin qarşılaşdığı, debatların aparıldığı və fərqli yanaşmaların müzakirə edildiyi platforma olmalıdır. Real müzakirə mühiti formalaşdıqda, bundan ilk növbədə cəmiyyət qazanır. Çünki sağlam debatlar daha keyfiyyətli qərarların qəbul edilməsinə və qanunvericilik prosesinin təkmilləşməsinə xidmət edir. Bununla yanaşı, parlamentin nəzarət funksiyasının gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Xüsusilə icra hakimiyyəti orqanlarının, nazirliklərin və digər dövlət qurumlarının parlament qarşısında hesabatlılıq mexanizmlərinin daha fəal işləməsi parlamentin rolunu və nüfuzunu artıran amillərdən biri ola bilər. Ümumilikdə hesab edirəm ki, parlamentə ictimai etimadın yüksəlməsi üçün həm təmsilçilik imkanlarının genişlənməsi, həm açıq və canlı müzakirə mühitinin formalaşması, həm də parlament nəzarətinin daha effektiv həyata keçirilməsi vacibdir. Bu, geniş və ayrıca müzakirə tələb edən mövzudur, lakin ümumi yanaşma olaraq əsas istiqamətlər bunlardır.

– Ermənistanda keçirilən son seçkilərdən sonra Nikol Paşinyanın siyasi mövqeləri yenidən diqqət mərkəzinə gəlib. Sizcə, Ermənistan hakimiyyəti referendum keçirərək Azərbaycanın uzun müddətdir tələb etdiyi dəyişiklikləri, xüsusilə də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların aradan qaldırılmasını həyata keçirəcəkmi?

– Ümumilikdə mən Nikol Pashinyan və onun rəhbərlik etdiyi hökumətin mövqeyi ilə bağlı yüksək optimizm bölüşmürəm. Mənə görə, Azərbaycana münasibətdə gözlənilən dəyişikliklərin tam və davamlı şəkildə həyata keçiriləcəyinə dair ciddi inam formalaşdırmaq çətindir. Hesab edirəm ki, Paşinyan hökuməti müəyyən mərhələlərdə bu proseslərdən daha çox daxili siyasi məqsədlər, xüsusilə də vaxt qazanmaq, seçkilərdə mövqelərini möhkəmləndirmək və ölkə daxilində iqtisadi-sosial sabitliyi təmin etmək üçün istifadə edib. Eyni zamanda, Ermənistanın müdafiə potensialının gücləndirilməsi və regional siyasətdə daha aktiv mövqe tutması kimi istiqamətlər də müşahidə olunub. Bu kontekstdə müxtəlif siyasi qüvvələrin və ictimai baxışların da ölkə daxilində təsirini nəzərə almaq lazımdır.

Bəzi mərhələlərdə sülh və normallaşma ilə bağlı verilən mesajlarla sonrakı siyasi ritorika və addımlar arasında ziddiyyətlərin olduğu barədə fikirlər də mövcuddur. Bu baxımdan Ermənistan daxilində həm hakimiyyət, həm də müxalif siyasi qüvvələr arasında mövqelərin dəyişkənliyi regionda proseslərin daha mürəkkəb xarakter almasına səbəb olur.

– Mövqeyiniz ondan ibarətdir ki, Azərbaycan Ermənistanla münasibətlərdə yalnız bərabər tərəf kimi deyil, həm də mövcud reallıqları nəzərə alan güc və nəticə balansı çərçivəsində davranmalıdır?

– Bu kontekstdə danışıqlar prosesi konkret və ölçülə bilən öhdəliklər üzərində qurulmalıdır. Bu çərçivədə sülh prosesinin davamlı olması üçün Ermənistanın beynəlxalq hüquq çərçivəsində üzərinə götürə biləcəyi konkret öhdəliklər, təhlükəsizlik zəmanətləri və regional sabitliyə dair təminatlar mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan tərəfinin də öz maraqlarını qorumaq üçün aydın və prinsipial mövqe sərgiləməsi vacibdir. Ümumilikdə isə hesab edirəm ki, regionda uzunmüddətli sabitlik yalnız real öhdəliklər, qarşılıqlı məsuliyyət və beynəlxalq hüquqa əsaslanan mexanizmlər üzərində qurula bilər.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: