WhatsApp Image 2026 07 21 at 12.43.47

Hərbi xidmətə yararlılığın müəyyənləşdirilməsi məqsədilə keçirilən tibbi müayinələr bəzən vətəndaşların narazılığına səbəb olur. Xüsusilə müddətsiz əlilliyi və ağır sağlamlıq diaqnozu olan şəxslərin təkrar-təkrar komissiyalara çağırılması həm ailələr üçün əlavə çətinlik yaradır, həm də mövcud prosedurların tətbiqi ilə bağlı suallar doğurur. Belə hallardan biri də Bakı sakini Ağakərim Abdullayevin ailəsinin üzləşdiyi vəziyyətdir.

A.Abdullayevin atası deyib ki, oğlunun şəxsi telefonu olmadığından çağırışla bağlı bildirişlər onun nömrəsinə göndərilir.

Sitat: “Dəfələrlə izah etmişəm ki, övladım ikinci qrup müddətsiz əlildir. Buna baxmayaraq, bizi bir komissiyadan digərinə göndərirlər. Keçən il də müayinədən keçdik, psixiatr rəy verdi. Ancaq yenidən çağırışlar başlayıb. İndi onu qan analizinə göndərirlər. Həkimlərdən qorxduğu üçün damarından qan götürmək, demək olar, mümkün deyil”.

Müddətsiz əlilliyi olan şəxsin komissiyaya çağırılma səbəbi nədir?

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, mövcud qanunvericilik müddətsiz (ömürlük) əlilliyi olan şəxslərin də zərurət yarandıqda təkrar tibbi müayinəyə və ya tibbi komissiyaya cəlb olunmasına imkan verir:

“Buna görə də belə şəxslərin zaman-zaman tibbi komissiyaya çağırılması qanunvericiliyin tələblərinə zidd deyil. Müddətsiz əlilliyi olan şəxslər komissiyaya çağırıla bilər”.

Ekspertin sözlərinə görə, vətəndaş bu prosedurun qanunsuz həyata keçirildiyini və ya hüquqlarının pozulduğunu hesab edirsə, məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.

Qeyd edək ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi 2006-cı il təvəllüdlü Ağakərim Abdullayevin 29 oktyabr 2025-ci ildə yekun tibbi müayinədən keçirildiyini açıqlayıb.

Qurumun məlumatına görə, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq, psixi xəstəliklərlə bağlı qərar verilərkən ixtisaslaşmış səhiyyə müəssisələrinin təqdim etdiyi arayış və tibbi çıxarışlar əsas götürülür.

Vətəndaşla bağlı təqdim edilən sağlamlıq vəziyyətinin müayinə aktında yalnız “mülayim kəkələmə” və “nevrotik reaksiyalar” diaqnozlarının qeyd olunduğu bildirilib. Bu səbəbdən onun ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə edilməsi və diaqnozunun dəqiqləşdirilməsi məqsədilə altı ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab olunması barədə qərar qəbul edilib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: