Uzun müddətdir Azərbaycan sosial mediasında belə bir foto yayılır və iddia edilir ki, guya bu, Hz.Əlinin Fransada, Luvr muzeyində saxlanılan rəsmidir.
Bunu iddia edənlər yazının altındakı “Möminlərin əmiri, Allahın salavatı üzərinə olsun, İmamın mübarək təmsili (şəkli) – Fransa muzeyindən” sözünə istinad edirlər. Bu rəsmin müəllifi fransız rəssamı Jan-Leon Jeromdur. Rəssam Jerom Osmanlı coğrafiyasında olan zamanı gördüyü bu döyüşçülərin geyimlərindən və xarici görkəmindən təsirlənərək bu rəsmləri çəkib.
Tam əminliklə deyirəm ki, şəkildəki şəxs İmam Əli deyil, 19-cu əsrdə rəssama modellik etmiş naməlum bir Osmanlı sakinidir.
Orijinal tabloda həmin şəxs əlində musiqi aləti tutub mahnı oxuyur. Şəkli montaj edərək dini posterə çevirənlər, onun əllərindəki musiqi alətini kəsərək şəkli yalnız heybətli bədəninə və üzünə fokuslayıblar ki, “musiqi oxuyan əsgər” obrazı tamamilə itsin.
Şəklin orijinalı ABŞ-ın Baltimor şəhərindəki Uolters Sənət Muzeyində saxlanılır və 2009-cu ildə orda kursda olanda öz gözlərimlə görmüşəm. Paris və Luvr məsələsi tamamilə uydurmadır.
1990-cı illərdə İranda bəzi rəssamlar bu fotonu rəngləndirərək və üzərində bəzi dəyişikliklər edərək İmam Əlinin gənclik obrazı kimi yaymağa başladılar.
İmam Əlinin heç bir real portreti, rəsmi və ya cizgisi günümüzə gəlib çatmayıb və bu gün müxtəlif rəsmləri İmam Əli adından yayanlar sadəcə avam insanlardan pul qazanmaq marağı güdürlər.
Dini poster və rəsmlər də bir ara fırıldaqçı insanların biznesi olmuşdu. Bəlkə bu gün də qalıb. Əmin olun, nə Peyğəmbər (s), nə İmam Əli, nə Ömər, Osman, Əbubəkir, nə də Peyğəmbər nəvələrinin rəsmləri bizə gəlib çatıb, çünki yoxdur.
Prof.Dr. Zaur Əliyev