“Paşinyan Ermənistanı mərhələli şəkildə Qərbə aparır”.
Globalinfo.az xəbər verir ki, bunu “Valday” klubunun baş elmi əməkdaşı Dmitri Trenin deyib.
Onun sözlərinə görə, Ermənistanın ABŞ-la strateji tərəfdaş olması və Avropa İttifaqına üzvlüyə can atması geosiyasi yox, siyasi və ideoloji xarakter daşıyır:
“Bu kurs 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən formalaşıb. Ona korrupsiya ilə mübarizə Qarabağ klanını məhv etmək üçün lazım idi. Onun xarici sponsorlarına isə Ermənistanı Rusiya orbitindən çıxarmaq, xarici siyasəti təmiz səhifədən başlamaq lazımdır. Buna İkinci Qarabağ müharibəsi kömək etdi.
O, tarixi Ermənistanı dəfn etdi, Qərbə yeni yol açdı. Aydındır ki, Ermənistan Rusiyadan üz çevirir. Ermənistanın indi etdikləri çoxvektorlu siyasət deyil, sadəcə qərbyönlü oriyentasiyaya keçiddir. Proqnoz vermək istəmirəm, amma güman edirəm ki, Ermənistan Rusiya ilə ittifaqın verdiyi üstünlükləri itirmək təhlükəsi ilə üz-üzədir. Rusiyanın Ermənistandan getməsi, ölkənin iqtisadiyyatına və əhalisinə ağrılı zərbə vuracaq. İrəvan iqtisadi çətinlikləri anti-Rusiya və qərbyönlü təbliğatla kompensasiya etməyə çalışacaq”.
Əliyar Xəlil
Globalinfo.az