
ABŞ İmmiqrasiya Agentliyi deportasiyası nəzərdə tutulan 1,5 milyon miqrantın siyahısını dərc edib. Siyahıda 709 Azərbaycan vətəndaşı var. Həmin şəxslərin saxlanılaraq ölkəyə deport ediləcəyi bildirilir.
Eyni zamanda 3103 Türkiyə vətəndaşı, 3518 rus, 2808 erməni və 1862 ukraynalının da adı sözügedən siyahıda yer alıb. Öz ölkələrinə göndərilməsi planlaşdırılan miqrantların çoxunun isə Honduras, Qvatemala, Meksika və El Salvadordan olduğu deyilir.
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, ABŞ Prezidenti Donald Tramp vəzifə səlahiyyətlərini icra etməyə başladığı gündən kəskin addımlar atır:
“Bu addımlara sevinən şəxslərlə yanaşı, bir qədər məyus olanlar da var. Tramp ilk növbədə ölkəsinin milli maraqlarını qorumağa çalışır.
ABŞ İmmiqrasiya Agentliyi deportasiya ediləcək 1,5 milyon miqrantın siyahısını dərc etməsi də çox ciddi hadisədir. Siyahıda 709 Azərbaycan vətəndaşının olması isə təəssüf doğurur.
Bu, təbii ki, Vaşinqtonun imicinə zərər vuracaq. Çünki ABŞ həmişə miqrant axınına məruz qalıb. Əslində, o ölkənin real gücü də məhz budur. Yəni proses birdən-birə icra edilərsə, ABŞ üçün fəsadları olacaq”.
Turan Rzayev
Globalinfo.az