WhatsApp Image 2026 03 10 at 11.45.50

Xəbər verdiyimiz kimi, ABŞ və İran müharibəyə son qoymaq üçün elektron şəkildə 14 maddəlik müqavilə imzalayıblar.

İranla ABŞ arasındakı razılaşma müharibənin olmayacağı deməkdir? İranın mövqeyinin güclənməsi onun qonşularla, xüsusilə də Azərbaycanla münasibətlərinə nə kimi təsir edə bilər?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, bu anlaşmaya münasibət birmənalı deyil:

“Bir çox ekspertlər və rəsmi şəxslər məsələyə skeptik yanaşır, sənədin uzunmüddətli olacağına şübhə ilə baxırlar. Bunun əsas səbəbi isə hələlik ortada tərəflər arasında bütün məsələləri əhatə edən çərçivə sazişinin olmamasıdır. Hazırda söhbət daha çox atəşkəs rejiminin uzadılmasını nəzərdə tutan ilkin razılaşmadan gedir. Sənəddə bir sıra müsbət məqamlar yer alır. Xüsusilə Hörmüz boğazında naviqasiyanın bərpası, hərbi əməliyyatların dayandırılması, blokadanın aradan qaldırılması və gələcəkdə İran iqtisadiyyatına investisiyaların cəlb olunması kimi məsələlər diqqət çəkir. Lakin münaqişəyə səbəb olan əsas problemlərin müzakirəsinin növbəti iki ay ərzində davam etdirilməsi optimist gözləntiləri müəyyən qədər azaldır. Çoxu hesab edir ki, bu müddətdə ABŞ və İranın bütün prinsipial məsələlər üzrə razılığa gəlməsi asan olmayacaq”.

oqtay qasimov 5

Oqtay Qasımov

Politoloq bildirib ki, burada əsas diqqət yetirilməli məqamlardan biri də İsrailin bu anlaşmaya münasibətidir:

“İsrail hökumətinin bəzi üzvlərinin açıqlamalarından görünür ki, onlar anlaşmadan tam razı deyillər. Xüsusilə İranın nüvə proqramı, raket potensialı və proksi qüvvələrə, o cümlədən “Hizbullah”a dəstək məsələləri İsrail üçün ciddi narahatlıq doğurur. İsrail tərəfi bu sahələrdə İranın konkret öhdəliklər götürməsini və praktik addımlar atmasını tələb edir. Əks halda, öz təhlükəsizliyi naminə müstəqil addımlar ata biləcəyini nümayiş etdirir. Əgər ABŞ bu prosesdə qəti siyasi iradə nümayiş etdirə və İsrailin mümkün sərt addımlarının qarşısını ala bilsə, sazişin uzunmüddətli olma ehtimalı artar. Eyni zamanda, qarşıdakı 60 gün ərzində tərəflər İranın nüvə proqramı, zənginləşdirilmiş uranın taleyi və proksi qüvvələrə dəstək məsələlərində razılığa gələ bilsələr, genişmiqyaslı müharibə riskinin azalacağını söyləmək mümkündür. Əks halda, ABŞ Prezidenti Donald Trampın da qeyd etdiyi kimi, Vaşinqton İranın mövqeyini qənaətbəxş hesab etməzsə, vəziyyət yenidən hərbi qarşıdurmaya çevrilə bilər. Bu isə göstərir ki, proses hələ də kifayət qədər həssas və kövrək mərhələdədir”.

O.Qasımovun sözlərinə görə, razılaşmadan sonra tərəflər öhdəliklərinə əməl edərlərsə, bu, təkcə region üçün deyil, bütövlükdə beynəlxalq sistem üçün müsbət nəticələr vəd edə bilər:

“Müharibənin dayanması, Hörmüz boğazında sərbəst naviqasiyanın təmin olunması və enerji bazarlarında sabitliyin yaranması dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən bölgə ölkələrinin də belə bir inkişafdan məmnun qalacağı gözləniləndir. Lakin məsələnin başqa tərəfi də var. Əgər razılaşma nəticəsində İranın bir sıra tələbləri qəbul edilər və Tehran bunu siyasi qələbə kimi təqdim edərsə, onun gələcək davranışı xüsusi əhəmiyyət kəsb edəcək. İranın qonşularla münasibətlərində uzun illərdir müşahidə olunan problemlər nəzərə alınarsa, ölkənin güclənməsi müəyyən risklər də yarada bilər.

Məsələ odur ki, İranın hazırkı siyasi sistemi uzun illər ərzində qonşu dövlətlərlə gərgin münasibətlər yaşayıb, regionda təsir imkanlarını genişləndirməyə çalışıb və müxtəlif vasitələrlə öz ideoloji təsirini artırmağa cəhd göstərib. Əgər gələcəkdə bu siyasətdə dəyişiklik baş verər, qonşularla normal münasibətlər prioritetə çevrilərsə, İranın iqtisadi və siyasi güclənməsi regionun inkişafına töhfə verə bilər. Lakin yanaşma dəyişməzsə, belə bir güclənmə region ölkələrinə fayda verən deyil”.

Ləman İmran
Globalinfo.az

Paylaş: