“İrəvan və Bakı uzunmüddətli sülhün bərqərar olması üçün bir-birlərinin konstitusiyalarında əhəmiyyətli maneələr görürlər”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
O bunun Ermənistanın daxili məsələsi olduğunu bildirib.
“Bu o demək deyil ki, Ermənistan konstitusiyasına dəyişiklik məsələsi iki ölkə arasında danışıqların predmeti və ya gündəliyin bir hissəsidir. Belə bir şey yoxdur. Problemləri biz də deyirik, onlar da. Biz əminik ki, həm bizim, həm də onların konstitusiyaları hüquqi baxımdan problem ola bilməz”, – o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan bundan öncə Ermənistanla sülh müqaviləsi üçün əsas şərtlərdən biri kimi özünə qarşı bütün ərazi iddialarının ləğvini irəli sürmüşdü. Ermənistan konstitusiyasının preambulasında isə həm Azərbaycan, həm də Türkiyəyə qarşı ərazi iddiaları var.
Yanvarın 19-da Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin konstitusiya dəyişikliklərindən çox, yeni konstitusiyaya ehtiyac duyduğunu bildirib. Lakin o bu açıqlamasını Bakının istəyi ilə verib-vermədiyini, eləcə də bu məsələnin Azərbaycanla danışıqlarda müzakirə mövzusu olub-olmadığını açıqlamayıb. Paşinyandan az sonra bənzər fikri Ermənistan parlamentinin spikeri Alen Simonyan da səsləndirib. O həmçinin üzərində Ağrı dağının təsviri olan Ermənistan gerbinin də dəyişdirilməsi gərəkdiyini söyləyib.
Safura Bənnayeva
Globalinfo.az