xamenei 2 900x600 1

“Nəhayət, İranın xarici işlər naziri Abbas Əraqçinin rejissor Cavad Moquiyə verdiyi, iki hissədən ibarət, təxminən üç saatlıq geniş müsahibəyə baxmağa vaxt tapdım. Bu, 40 günlük müharibənin başlanğıcını, gedişatını və sonrakı danışıqların bir çox təfərrüatını anlamaq baxımından şahidin və iştirakçının olduqca maraqlı ifadəsidir. Xüsusilə Əraqçinin İran dövlət sisteminin müxtəlif ssenarilər şəraitində necə fəaliyyət göstərməsi ilə bağlı açıqlamaları diqqətəlayiq idi”.

Globalinfo.az xəbər verir ki, bunu İranşünas Vardan Vosqanyan sosial media hesabında yazıb.

O qeyd edib ki, məhz ali dini rəhbərin təsdiqi ilə onun öldürüləcəyi təqdirdə dövlət qurumlarının müstəqil fəaliyyət göstərməsi üçün “110” kodu ilə xüsusi plan da hazırlanıbmış:

“İranın xarici işlər naziri ali dini rəhbərin iqamətgahına endirilən zərbədən sonra binanın dağıntıları altından çıxaraq adi avtomobillə nazirliyin binasına gedib. O, əvvəlcə digər dövlət və hərbi qurumlarla əlaqə saxlamaq imkanı olmadan, Fars körfəzi ölkələrinin ərəb dövlətlərindən olan həmkarlarına zəng etməyə başlayıb. Əraqçi onlara xəbərdarlıq edib ki, əgər zərbələr həmin ölkələrin ərazisində yerləşən ABŞ hərbi bazalarından endirilibsə, bu bazalar İranın cavab zərbələrinin hədəfinə çevriləcək. Çünki bu zərbələr əvvəlcədən planlaşdırılıbmış.

Çoxları İran Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin müstəqil fəaliyyət göstərməsindən, belə adlandırılan “mozaik idarəetmə” modelindən danışır. Halbuki dövlət sistemi də məhz eyni prinsip əsasında fəaliyyət göstərib: mümkün ssenarilər və onlara veriləcək cavablar əvvəlcədən hazırlanıb”, – deyə o bildirib.

Qeyd edək ki, İranla ABŞ və İsrail arasında 40 gün davam edən müharibə 2026-cı il fevralın 28-də başlayıb. Münaqişə zamanı tərəflər arasında genişmiqyaslı hərbi zərbələr endirilib.

Günay Rəsulqızı
Globalinfo.az 

Paylaş: