ankara 900x600 1

“Son dövrlərdə Türkiyə media məkanında, o cümlədən sosial şəbəkələrdə Azərbaycana qarşı kampaniya təəssüf doğurur”.

Bu sözləri Globalinfo.az-a politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, Türkiyədə müxtəlif siyasi və dini cərəyanları, təriqətləri təmsil edən qruplar mövcuddur:

“Eyni zamanda, müxtəlif xarici dövlətlərin təsir imkanlarını və Türkiyədə fəaliyyət göstərən şəbəkələrini də nəzərə alsaq, belə bir vəziyyətin yaranması təəccüblü deyil.

Türkiyədə dünyəvi dövlət modelini qəbul etməyən, dini təriqətlərin mövqeyindən çıxış edən, hətta Atatürk mövqeyinə qarşı çıxan qrupların mövcudluğu məlumdur. Təəssüf ki, son 20 ildə bu qüvvələrin bir qismi Türkiyə siyasətində də müəyyən mövqelər qazanıb. Onların Türkiyənin dünyəvi dövlət modelindən uzaqlaşmasına yönələn cəhdlərini zaman-zaman ölkənin media məkanında da müşahidə etmək mümkündür”.

Politoloq Azərbaycana qarşı aparılan kampaniyanın arxasında üç qrupun dayandığını düşünür:

“İlk növbədə, bəzi radikal dini cərəyanların fəaliyyətini qeyd etmək lazımdır. Onların arasında hakimiyyətə yaxın münasibətləri olan qruplar da var. Bu qrupların bir qismi islamın siyasi idarəçilik modeli və xilafət ideyası ilə çıxış edir. Belə qüvvələrin Azərbaycana qarşı aparılan kampaniyada iştirak etməsi ehtimalı nəzərə alınmalıdır.

Digər mühüm amil isə xarici qüvvələrdir. Azərbaycan–Türkiyə münasibətlərinin güclənməsində maraqlı olmayan dövlətlər və dairələr bu əlaqələrə mane olmağa çalışa bilərlər.

Türkiyənin daxilində də Azərbaycanla münasibətlərin hazırkı səviyyədə inkişafını dəstəkləməyən qüvvələrin olduğunu istisna etmək olmaz”.

O.Qasımovun sözlərinə görə, bəzi dini qrupların və siyasi dairələrin hakimiyyət strukturları ilə əlaqələri, onların media və sosial şəbəkələrdəki fəallığı da bu prosesin təhlilində nəzərə alınmalıdır:

“Beləliklə, burada bir neçə istiqamətin üst-üstə düşdüyünü görürük: dini-ideoloji motivlər, xaricdən maliyyələşdirilən və ya yönləndirilən qüvvələr, eləcə də Türkiyənin siyasi mühitində müəyyən mövqelərə sahib olan qruplar. Bu amillərin hər birinin prosesdə hansı rol oynadığını ayrıca araşdırmaq vacibdir.

İki ölkə arasındakı münasibətlər kifayət qədər möhkəm təməllər üzərində qurulub. “Bir millət, iki dövlət” prinsipi ilə formalaşan əlaqələrimiz yalnız siyasi maraqlara əsaslanmır. Bizi mənəvi, tarixi, mədəni və milli bağlar birləşdirir. Bu münasibətlərin beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri var. Ona görə də bu cəhdlər iki ölkə arasındakı əlaqələrə köklü şəkildə təsir göstərə bilməyəcək. Çünki həm Azərbaycan, həm də Türkiyə cəmiyyətləri bu münasibətlərin qorunmasında və daha da inkişaf etdirilməsində maraqlıdır”.

oqtay qasimov 11 900x598 1

Oqtay Qasımov

Politoloq qeyd edib ki, Türkiyə Azərbaycan üçün nə qədər dəyərli və vacib tərəfdaşdırsa, Azərbaycan da Türkiyə üçün bir o qədər əhəmiyyətlidir:

“Azərbaycan Türkiyənin Qafqaz, Rusiya və Mərkəzi Asiya istiqamətlərində əlaqələri baxımından mühüm mövqeyə malikdir. Eyni zamanda, Türkiyə Azərbaycan üçün Qərbə, beynəlxalq bazarlara və daha geniş iqtisadi məkanlara çıxış baxımından vacib tərəfdaşdır.

Bu kontekstdə Dövlət Baxçalının son açıqlamalarında Azərbaycan-Türkiyə münasibətlərinə verilən önəmi də qeyd etmək lazımdır. Bu cür mesajlar iki ölkə arasındakı əlaqələrin strateji xarakterini bir daha gündəmə gətirir.

Azərbaycan-Türkiyə dostluğu, müttəfiqliyi və qardaşlığı bundan sonra da inkişaf etmək potensialına malikdir. Hər iki ölkə gələcəkdə Türk dünyasının inteqrasiyasında və onun beynəlxalq miqyasda daha güclü aktora çevrilməsində mühüm rol oynaya bilər. Bu əməkdaşlığın davamlılığı həm tarixi bağlarımız, həm də ortaq strateji maraqlarımız baxımından əhəmiyyətlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: