2023-cü ildə dünyamızı hansı fəlakətlər gözləyir? – SİYAHI

Stimson Mərkəzinin “Amerikanın böyük strategiyasının yenidən müəyyənləşdirilməsi” elmi proqramının həqiqi üzvləri Metyu Berrouz və Robert Menninq 2023-cü ildə ABŞ və qlobal nöqteyi-nəzərdən dünyanı gözləyən əsas risklərin siyahısını tərtib ediblər.

Globalinfo.az həmin araşdırmanı təqdim edir:

Risklər

1) Ukrayna münaqişəsinin səbəb olduğu siyasi böhran:

Bu savaş nəticəsində ortaya çıxan siyasi böhran halqası – enerji və ərzaq təhlükəsizliyi probleminin yaranması, inflyasiya və iqtisadi tənəzzül Qərbin “Ukrayna məsələsindən yorulmasına” səbəb ola və həlledici dəstək dayandırıla bilər. Qışın gəlməsi və hərbi əməliyyatların səngiməsilə Putin çox güman ki, Ukraynanın bir dövlət kimi məhv edilməsi üçün onun enerji və su infrastrukturuna zərbələri gücləndirəcək. Əks halda, öz itkiləri onu müəyyən qədər məğlubiyyətini etiraf etməyə məcbur edəcək.

Münaqişə bir-biri ilə əlaqəli bir çox risklər yaradır: Putinin bombardmanına cavab olaraq ABŞ və NATO Kiyevə qabaqcıl silahlar göndərərsə, bu, çıxılmaz vəziyyətə və ya gərginliyə səbəb olar.

Kiyev Krımı ələ keçirməyə çalışarsa, Rusiya nüvə silahından istifadə edə bilər.

2) Aclıq səviyyəsinin artması:

Ümumdünya Ərzaq Proqramı Mərkəzi Amerika və Haitidən Şimali Afrikaya, Sahel, Qana, Mərkəzi Afrika Respublikası və Cənubi Sudandan Suriya və Yəmənə, oradan da Pakistan və Əfqanıstana qədər bütün dünyaya yayılan aclıq və qida çatışmazlığından ibarət “odlu halqa”nı müəyyən edib. Dünyada ac insanların sayı 2019-cu ildən bəri kəskin şəkildə artaraq 135 milyondan 345 milyona çatıb. Ukraynadakı münaqişə sülh yolu ilə həll edilsə və ölkədən taxıl tədarükü təmin olunsa belə, ərzaq qıtlığı aradan qalxmayacaq.

3) Çevriliş və İranla qarşıdurma:

Ukraynadakı münaqişə kimi, misli görünməmiş xalq üsyanı da İranı siyasi böhrana sürükləyir. ABŞ və yaxud İsrail Tehranla münaqişəyə başlamaq üçün artıq birləşiblər. İranla bağlanan nüvə sazişi indi qüvvəsini itirib. İran yüksək zənginləşdirilmiş uranın istehsalını 60%-ə çatdırır (bomba üçün isə 90%-ə ehtiyac var). O, cəmi bir neçə həftəyə hədəfinə çata biləcək və iki il və ya daha tez müddətə hazır döyüş başlığı əldə edəcək.

4) İnkişaf etməkdə olan ölkələrdə borc böhranının dərinləşməsi:

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) aşağı və orta gəlirli 54 ölkədə “ciddi borc problemləri” barədə xəbərdarlıq edib. Bu ölkələr dünya əhalisinin 18%-ni, həddindən artıq yoxsulluq içində yaşayan insanların yarıdan çoxunu və iqlim dəyişikliyinə qarşı daha həssas olan 50 ölkədən 28-ni təşkil edir.

5) Qlobal borcun sürətli artımı:

Beynəlxalq Maliyyə İnstitutunun məlumatına görə, son dörd-beş ildə həm qeyri-maliyyə şirkətlərinin korporativ borcu (88 trilyon dollar, qlobal ÜDM-in təxminən 98%-i), həm də dövlətlərin, korporasiyaların və ev təsərrüfatlarının ümumi borcu (2022-ci ilin üçüncü rübündə 290 trilyon dollar).

6) Qlobal əməkdaşlığın daha da zəifləməsi:

İqlim dəyişikliyi və ən az inkişaf etmiş ölkələrin borcundan tutmuş kosmik tullantılara qədər qlobal risklər artır, çünki böyük güclərin rəqabəti ümumi məsələlərdə əməkdaşlığı çətinləşdirir.

7) Texnoloji sistemin qütbləşməsi və dağılması:

Boston Konsaltinq Qrupu hesab edir ki, əgər böyük bir dövlət (Bayden administrasiyasının bunu etmək niyyəti var) yarımkeçiricilərdə özünü tam təmin etməyə çalışarsa, bunun üçün təkcə ilkin investisiya bir trilyon dollar təşkil edəcək və çiplər 35-65% bahalaşacaq. Çin-Amerika texnoloji müharibəsi qızışdıqca Pekin bir sıra xarici mallara çıxış imkanını itirəcək və onları yerli istehsalla əvəz etməli olacaq ki, bu da öz növbəsində dünya standartlarına cavab vermək həvəsini azaldacaq.

8) İqlim dəyişikliyinin kəskinləşməsi və onun nəticələri:

COP27 dünya sammiti nailiyyətlərdən daha çox məyusluq gətirdi. Neft hasil edən dövlətlər temperaturu 1,5 dərəcədən aşağı saxlamaq istəyinə baxmayaraq, qalıq yanacaqlardan tədricən imtina etmək çağırışlarına əməl etməyiblər. Daha isti iqlim quraqlıqları və daşqınları, eləcə də kənd-təsərrüfatında məhsuldarlığı aşağı salan yağıntılar zamanı təhlükəni artıracaq.

9) ABŞ-Çin arasında növbəti gərginlik:

Noyabrda Bayden və Si münasibətləri düzəltməyə çalışsa da, Tayvanla bağlı, eyni zamanda texnologiya qaydaları və standartları, ticarət, insan haqları və Pekinin Cənubi Çin və Şərqi Çin dənizləri məsələsində ərazi iddiaları haqda əsaslı fikir ayrılıqları qalmaqdadır.

10) Koreya yarımadasında təhlükə:

Artıq bir neçə aydır ki, yeddinci nüvə sınağına hazırlıq gedir və bununla bağlı ABŞ və Cənubi Koreya hökumətləri xəbərdarlıq edib. Ola bilsin ki, bu, Pxenyanla Pekin arasında hansısa razılaşmaya görə baş tutmayıb. Bununla belə, yeddinci sınaq baş tutsa və Pekin BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarına veto qoysa, ABŞ-Çin münasibətlərindəki gərginliyin artması ehtimalı var.

Gözlənilməz Risklər

Fəlakətli nəticələri olan gözlənilməz risklər də var. Məsələn, nəhəng vulkanın püskürməsi (Yelloston, İndoneziya, Yaponiya); 66 milyon il əvvəl dinozavrları məhv edən 10 km diametrli nəhəng asteroid; həftələr və hətta aylar ərzində Yerdəki elektrik şəbəkələrini sıradan çıxaracaq günəş fırtınası; və kosmosun dərin qatlarında radioaktiv qamma-şüa partlayışları.

COVID-19 pandemiyası zamanı gördüyümüz kimi, planetimizdəki minlərlə virus pandemiyalara səbəb ola bilər.

Bütün bu fəlakətlərin başvermə ehtimalı çox aşağı olsa da, kifayət qədər təhlükəlidir.

Gülnar Səlimova
Globalinfo.az