Xankəndidəki aksiyada deyilən bu fikir diqqət çəkdi…

“Ermənilərin Xankəndidə bu gün keçirdikləri “etiraz mitinqi”ndə rusca çıxış edənlərin biri belə fikir söylədi:

1) Azərbaycan müharibə cinayətlərini beynəlxalq hüquqa uyğun olaraq törədir;

2) BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı sanksiya tətbiq etməlidir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Erkin Qədirli deyib.

O bildirib ki, birinci fikir ilk baxışdan dil çaşmasına oxşasa da, ikinci fikirlə birlikdə oxunanda ermənilərin qurduğu arqumentlərdə tipik bir əlaməti bildirir – hüququ düşünmədən danışmaq:

“Gerçəkdən də, hüquq ermənilərin düşüncələrində ən zəif yerdir. Mitinqdə söylənilmiş o iki fikirdən bunu bir daha aydın görmək olur. Hüquqa uyğun cinayət məsələsi qalsın bir qırağa, Azərbaycana qarşı sanksiyaların həm də Qarabağdakı ermənilərə qarşı qoyulmuş sanksiya olacağını ağıllarına gətirə bilmirlər. Qarabağ Azərbaycandır axı.

Bütün dünya da bunu nəinki tanıyır, həm də artıq açıq şəkildə deyir. Çünki beynəlxalq hüquqa görə, bu, belədir və belə də olmalıdır. Nə qədər ki ermənilər hüquq çərçivəsində düşünmürlər, onların problemləri ancaq artacaq”.

Zaira Akifqızı
Globalinfo.az