İnsanlığın xilaskarı: kondisioner necə yaradıldı? – Bakı detalı

Son günlər təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif regionlarında havanın temperaturu kəskin artıb. Ekspertlər tarixin ən isti iyul ayının qeydə alındığını bildirirlər. Bu anomal istilərdə insanların ən çox müraciət etdiyi texnoloji avadanlıq isə kondisionerdir. Zaman-zaman sosial şəbəkələrdə kondisionerin yaradıcısı haqda müsbət fikirlər yazılır, bu məsələ müzakirə olunur. Bəs həyatımızın ayrılmaz hissəsinə çevrilən kondisioner necə yaranıb?

Globalinfo.az mövzu ilə bağlı araşdırma aparıb.

İlk dəfə kondisioner 1902-ci ildə ABŞ-da Uillis Kerrier adlı şəxs tərəfindən ixtira edilib. 1915-ci ildə o, altı mühəndislə birlikdə “Kerrier” firmasının əsasını qoyub, kondisionerlərin istehsalı və satışı ilə məşğul olub. Ümumilikdə 1950-ci ildən başlayaraq ABŞ-da məişət malları kimi satışa çıxarılıb. Hazırda dünyada istehsal olunan kondisionerlərin 12 %-i bu firmanın payına düşür. Avtomobillərdə isə kondisionerlərin tətbiqi 1938-ci ildən başlayıb.

1930-cu ildə Kerrier Yaponiya və Koreyada da istehsalata başladı. Yay aylarında sənaye istehsalının artırılması ilə kondisionerlər Amerika həyatında inqilabi çevriliş etdi. 1920-ci illərdə məişət kondisionerlərinin təqdimatı ABŞ-də əhalinin cənub bölgələrə (“Sun Belt”) miqrasiyasının başlamasına zəmin yaratdı. “Kerrier” korporasiyası 1980-ci ildə United Technologies korporasiyasının törəmə şirkətinə çevrildi. Korporasiya kommersial və məişət kondisionerlərinin istehsalında hələ də dünya lideri olaraq qalır.

Qeyd edək ki, keçmiş SSRİ-də ilk kondisioner zavodu 70-ci illərdə Bakıda inşa edilib. 80-ci illərdə Bakı kondisionerləri zavodu ildə 400-500 min ədəd məhsul istehsal edib ki, bunun da 100-150 mini xaricə ixrac olunub. Ən böyük alıcı isə Kuba olub. Bu ölkə ildə 700 ədəd kondinsioner alıb. Başqa alıcılar isə Çin, İran, Misir və Avstraliya olub.

Məlumata görə, Bakı kondisionerləri öz qabariti və səsi ilə xarici kondisionerlərdən geri qalsa da, onların uzunömürlülüyü çox yüksək olub. Bu kriteriyaya görə onunla heç bir xarici ölkədə istehsal olunmuş məsul rəqabətə girə bilməyib.

Zaira Akifqızı
Globalinfo.az