AP 17127333776097 1 e1536859052393

İsrailin Baş naziri Benyamin Netanyahunun keçmiş media sözçüsü Devid Keyesin İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin ölümü ilə bağlı paylaşımından sonra keçmiş əlaqələri yenidən gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, Keyesin Laricaninin ölümündən 4 gün əvvəl – 13 martda etdiyi paylaşımda növbəti hədəfin o olacağını bildirməsi maraq doğurub.

Keyes Əli Laricaninin Tehrandan yayılan fotosunda arxadakı şəxsin İsrail agenti olduğunu iddia edib və həftə ərzində “maraqlı” xəbərlər gələcəyini bildirib. Keyesin bu sözləri birmənalı qarşılanmayıb.

Onun paylaşımını ciddi qəbul edən kəsim olsa da, İsrail hökumətindəki vəzifəsindən mübahisəli ayrılmasına görə rəhbərliyə kinayəli yanaşmasının olduğu da bildirilir.

Bəs Keyes Netanyahunun media sözçüsü vəzifəsindən necə ayrılıb?

Keyes Netanyahunun yanında işə başlamazdan əvvəl çox uzun və hərtəfərli yoxlanış prosesindən keçib. Proses çərçivəsində “yalan detektoru” adlandırılan aparat vasitəsilə də yoxlanılıb. Ona verilən suallardan biri də daha əvvəl cinsi istismar, cinayət və şiddət məsələlərinə qarışıb-qarışmaması ilə bağlı olub. Keyes belə bir halın əsla yaşanmadığını, sözügedən əməllərə yol vermədiyini vurğulayıb.

Testlərdən keçdikdən sonra 2016-cı ilin aprelində Netanyahunun sözçüsü kimi fəaliyyətə başlayır. Lakin bir gün sonra İsrail KİV-də barəsində anonim şəxsin adından cinsi istismar iddiaları yayılır. O zaman “Jerusalim Post” xəbərin İsrailə girişi qadağan edilmiş bir aktivistin qəsdən ortaya atdığı iddiası olduğunu yazır. Keyes də bu iddianı birmənalı şəkildə təkzib edib.

2018-ci ilin sentyabr ayında Nyu-York Senatına namizəd Culiya Salazar açıq şəkildə Keyesi cinsi təcavüzdə ittiham edir. Lakin İsrail rəsmisi bu ittihamları yalan adlandırır. Salazardan sonra daha 14 qadın eyni iddiaları səsləndirir, onlardan 10 nəfərin adı anonim saxlanılır. Hətta bundan sonra “The Wall Street Jorunal”ın o zamankı redaktoru Keyesin mərkəzi ofisə girişini qadağan edir və onu “kişilər üçün rüsvayçılıq”, “yəhudilər üçün rüsvayçı” adlandırır.

Devid Keyes nə qədər üzr məktubları göndərsə və ittihamları rədd etsə də, şikayətçi olan qadınların sayı getdikcə artır. Həm ABŞ-da, həm də İsraildə ona qarşı narazılıq dalğası başlayır. KİV və ictimaiyyətdə qınaq obyekti olur.

2018-ci ildə İsrail Dövlət Qulluğu Komissiyası Keyeslə bağlı araşdırma başladır. İlk olaraq onun rəhbərlik ofisində çalışan qadınlar üçün təhlükə təşkil etdiyi və bu səbəbdən uzaqlaşdırıla biləcəyi deyilir. Amma daha sonra araşdırmalar nəticəsində ofisdə inzibati cəza veriləcək bir əməl törətmədiyi vurğulanır. Bunun ardınca Keyesin barəsindəki iddiaların onun vəzifəyə başlamadan əvvəlki dövrə aid olduğu deyilir və polisə bununla bağlı heç bir şikayətin daxil olmadığı əsas göstərilir.

Buna baxmayaraq, 2018-ci ildə Devid Keyes özü vəzifəsindən istefa verir. Maraqlıdır ki, istefadan sonra Netanyahu onun işini tərifləyən bəyanat yayımlayır və təşəkkür edir.

Keyesin fəaliyyəti dövründə İrana yanaşması

Devid Keyes 2018-ci ildə İsrailin su texnologiyasını şiddətli quraqlıqdan əziyyət çəkən İran xalqı ilə paylaşmağı təklif etdiyinə dair bir video hazırlayıb yayımlayır. Bu video bütün dünyada maraqla qarşılanır və gündəm olur. Ardınca Netanyahu, “İran xalqı, onlara həyati əhəmiyyətli sudan məhrum olan qəddar və tiran bir rejimin qurbanıdır. İsrail İran xalqının yanındadır və mən saysız-hesabsız iranlının həyatını xilas etmək istəyirəm”, – bəyanatı ilə çıxış edir. Video qısa müddətdə milyonlarla baxış toplayır, bundan sonra təxminən 100 min iranlı israil hökumətinin fars dilində olan teleqram kanalına qoşulur. Video İran mediasında da işıqlandırılır və dünya ictimaiyyətində müsbət dəyərləndirilir. Lakin Tehran hökuməti bu təklifi rədd edir.

Keyes belə videoların yayımlanmasının məqsədinin İran xalqına kömək göstərməyə çalışmaq olduğunu söyləyib, İsrail hökumətinin düşmən deyil, dost münasibəti göstərdiyini deyib.

O, özünün insan haqları fəalı olduğunu vurğulayıb.

Eyni ildə Keyes Netanyahu üçün İran xalqına ünvanlanan başqa videolar da hazırlayıb və İsrailin dəstəyinə diqqət çəkib. O, ABŞ-dan sığınacaq istəyən, rejimdən şikayətlənən iranlıları ictimaiyyətə təqdim edir, onların hekayəsi üzərindən materiallar hazırlayır. Bütün bu təşəbbüslər böyük səs gətirir və müsbət qiymətləndirilir.

2018-ci ilin iyul ayında Keyesin İsrailin BMT-dəki səfiri vəzifəsinə əsas namizəd olacağına dair məlumat yayılır. Lakin barəsindəki ittihamlar və istefası bunun qarşısını alır.

Son illərdə Keyesin aktiv istifadə etdiyi X səhifəsində İran və MOSSAD-la bağlı ironiyalı paylaşımları diqqət çəkir. O, bəzən Tehrandakı rejimi sərt tənqid edir, bəzən MOSSAD-ın bu ölkədəki fəaliyyətinə ironiya ilə yanaşır. Dünya mediasında da bu paylaşımlar fərqli dəyərləndirilir.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: