34534 1527231680

Azərbaycanın Xankəndi şəhərində rus sülhməramlılarının arxasında gizlənən separatçı rejim gözyaşardıcı, tükürpərdici fəaliyyətinə davam edir.

Səhər erməni mediasına nəzər yetirəndə təəccübdən ilanvurmuş kimi oldum. Erməni mediası iyunun 6-sı saat 18:28-də Əsgəran şəhəri Qaqarin küçəsindəki yaşayış evlərindən birinin həyətində ilan görünməsi barədə 911 “Böhran İdarəetmə Mərkəzinə” məlumat daxil olduğunu və bundan sonra “xilasedicilərin” hərəkətə keçdiyini yazıb.

Xüsusi həyəcanla təqdim olunmuş bu xəbərdə sürünən heyvanın tapılması və əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Əsgəran rayon “yanğından mühafizə bölməsinin əməkdaşlarının” dərhal hadisə yerinə getdikləri bildirilib. Oyuncaq separatçı rejimin “əməkdaşları” genişçaplı araşdırmalar nəticəsində sürünəni taparaq təhlükəsiz əraziyə köçürüblər.

Maraqlı məqam separatçıların istənilən ölkədə tez-tez baş verən bu halı xüsusi həyəcan və şişirdilmiş formada təqdim etmələridir. İstər 30 illik işğal dövründə, istərsə də müharibədən sonra Qarabağda erməniləri girov saxlayan, Azərbaycanın mədəni-dini abidələrini, evləri dağıdan, Sərsəng su anbarını qurudan separatçı rejimin bir ilanın zərərsizləşdirilməsini belə təmtəraqla təqdim etməsi, həqiqətən, gülüncdür.

Bunlar ya özləri axmaqdırlar, ya da Qarabağdakı erməniləri axmaq yerinə qoyublar. Separatçıların oyuncaq “qurumunun əməkdaşları” Əsgəranda ilanı zərərsizləşdiriblər, amma hazırda orada yeganə ziyanverici məxluq elə bu terrorçu rejimdir. Bu o rejimdir ki, üçbaşlı əjdaha kimi Sərsəngin “qarşısını kəsib” əhalini susuz qoyub.

Ermənilər xilas olmaq istəyirlərsə, o ilanı yox, Xankəndidəki “üçbaşlı əjdahanı” zərərsizləşdirməlidirlər.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: