“Zəngəzur dəhlizinin İran ərazisindən keçməsi risklidir” – Qərbin Tehrana sanksiyaları…

Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən quru yolu üçün İranla razılıq əldə olundu, hətta bu yolun təməli də qoyuldu. Layihə ilk olaraq Ermənistan ərazisindən keçməsi üçün İrəvana təklif edilsə də, Paşinyan hökuməti buna qəti şəkildə razılıq verilməyəcəyini bildirdi.

Ermənistan Zəngəzur dəhlizi anlayışını deyil, Azərbaycanı Naxçıvan və Türkiyə ilə qurudan birləşdirən yola icazə verilə biləcəyini müdafiə edir. Lakin məsələnin İranla razılaşdırılması İrəvanın artıq bu prosesdən kənarda qalması kimi dəyərləndirilir.

Bütün bunları nəzərə alaraq Zəngəzur dəhlizi məsələsi artıq bağlandı deyə bilərikmi? Daha Ermənistanla bu mövzuda anlaşma olmayacaq? Yolun sadəcə İrandan keçməsi ilə layihənin reallaşması mümkün olacaqmı?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Azad Məsiyev bildirib ki, dəhliz məsələsində İranın ilk vaxtlar Ermənistanla bağlı sərgilədiyi mövqenin arxasında başqa məqsəd dayanırdı:

“Onu qeyd edim ki, Zəngəzur dəhlizi məsələsi 10 noyabr 2020-ci il tarixli sazişin imzalanması ilə meydana gəldi. Yəni Rusiya, Azərbaycan, Ermənistan liderlərinin imzaladığı bu sənədlə Ermənistan öz ərazisindən Azərbaycanın Naxçıvanla əlaqəsini bərpa etməsi, nəqliyyat infrastrukturunun yaradılması üçün razılığa gəlmişdi. Bu illər ərzində Ermənistan hakimiyyəti müxtəlif bəhanələr göstərərək sözügedən dəhlizin açılmasına mane oldu. Eyni zamanda bu məsələdə İran tərəfindən də etirazlar səsləndirilirdi. İlk baxışda Tehranın bəyanatları elə görünürdü ki, guya İrəvanın mövqeyini müdafiə edirdi. Əslində bu bir siyasi gediş idi. Yəni Tehran bu şəkildə siyasi bəyanatlar verməklə öz maraqlarını həyata keçirmək istəyirdi”.

Azad Məsiyev

Ekspert Tehranın dəhliz mövzusunda qəsdən İrəvanı oyundan kənarda saxladığını qeyd edib:

“Azərbaycanın Naxçıvanla əlaqəsi sadəcə bu mövzu çərçivəsi daxilində deyil, böyük güclərin maraq dairəsində olan bir layihədir. Türkiyə və Rusiya arasında əlaqənin yaradılması, Orta Asiya və uzaq Çindən gələn yüklərin Avropaya, o cümlədən Türkiyəyə daşınması nəzərdə tutulurdu. Bu baxımdan Zəngəzur dəhlizinin İran ərazisindən keçməsi bu ölkənin həm siyasi, həm də iqtisadi maraqlarına uyğun gəlirdi. Bu səbəblə Tehran İrəvanı oyundan kənarda saxlamaq üçün bu kimi bəyanatlar verdi, lakin arxada Azərbaycanla danışıqlar apararaq yolun açılmasına razı oldu. Nəticədə bu dəfə də Ermənistan böyük bir proyektdən kənarda qaldı.

Hesab edirəm ki, Ermənistan Azərbaycanla ortaq məxrəcə gəlməməklə özünü təcrid edir. Əgər bu ölkə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat infrastrukturunun açılmasına imkan verməyəcəksə, bu halda biz də eyni şəkildə qarşılıq göstərəcəyik. İrəvan hakimiyyətinin bu cür avantürist siyasəti ilk növbədə elə onun özünə ziyan gətirir”.

A.Məsiyev bildirib ki, dəhlizin İran ərazisindən keçməsi bir az narahatlığa səbəb olur:

“Çünki İran ABŞ başda olmaqla Qərb koalisiyasının sanksiyası altındadır. Yəni gələcəkdə bu dəhlizin iqtisadi cəhətdən səmərə verməsi müəyyən qədər narahatlıq yarada bilər. Məsələn, Çindən, Mərkəzi Asiyadan Avropaya gedən yüklərin İran üzərindən daşınmasına Avropa təşkilatları etiraz edə bilərlər. Sanksiyalar əsas göstərilərək daşınmanın qarşısı alına bilər. Bu da gələcəkdə strateji baxımdan problem yarada bilər.

Düşünürəm ki, Zəngəzur dəhlizinin açılması Ermənistanla yanaşı Rusiyanın da maraq dairəsindədir. Çünki bu bölgəyə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməli idi. Yekun nəticədə Ermənistanın bu layihənin reallaşmasına müsbət yanaşmaması ilk növbədə özünə zərər vuracaq”.

Ayşən Mustafa
Globalinfo.az