“Zəlzələyə görə seçkilərin təxirə salınması kimi bir zərurət yoxdur” – Türkiyəli politoloq

Globalinfo.az türkiyəli politoloq Hüsamettin İnancın müsahibəsini təqdim edir:

– Hüsameddin bəy, qardaş Türkiyə Respublikasında baş verən ardıcıl zəlzələlər nəticəsində həyatını itirən insanlar Azərbaycanda da dərin hüznə səbəb oldu. Təbii fəlakət sonrası Türkiyədə ümumi vəziyyət necədir?

– Can Azərbaycanın göstərdiyi həssasiyyət və yardımlardan ötrü təşəkkür edirəm. Bu kimi çətin zamanlar iki ölkənin sözdə deyil, əməldə də qardaş olduğunu bir daha sübut edir. Biz həqiqətən də bir millət, iki dövlətik.

Hazırda Türkiyədə ümumi vəziyyət bir qədər fərqlidir. Hadisə sonrası xilasetmə işləri davam edir. Bəzi kəndlərə hava şəraiti ilə bağlı getmək mümkün deyil. Maraş, Qaziantepdə yollara və infrastruktura ciddi zərər dəyib. Bu da öz növbəsində bu ərazidə həm xilasetmə işlərini, həm də gələn yardımları çətinləşdirir.
Lakin bütün çətinliklərə baxmayaraq təbii fəlakətin nəticələri aradan qaldırılır və xilasetmə işləri bütün gücümüzlə aparılır. Ətraf ölkələrdən göndərilən yardımlar prosesi daha da sürətləndirir. Azərbaycandan da kifayət qədər çox insan yardım üçün buradadır.
Türkiyə bundan öncə də təbii fəlakətlərə məruz qalıb. Necə ki, bundan öncəki təbii fəlakətlərin fəsadları aradan qaldırılır, inanırıq ki, bu dəfə də belə olacaq. Allah bu fəlakət zamanı həyatlarını itirənlərə bir daha rəhmət etsin.

– Hadisə nəticəsində dəyən ziyanın böyüklüyü, eyni zamanda həyatını itirən insanların sayının çox olması Türkiyənin daxili siyasətinə necə təsir etdi?

– Öncə onu deyim ki, Türkiyə seysmik olaraq aktiv bir coğrafiyada yerləşir və zəlzələnin baş verməsi təbiidir. Digər tərəfdən, heç bir ölkə bu və bu kimi təbii fəlakətlərdən sığortalanmayıb. Bəzi səhlənkarlıqlar ola bilər, lakin təbii fəlakətin baş verməsində günahkar axtarmaq məntiqli deyil.

Hadisə sonrasında Türkiyənin daxili siyasəti iki qismə bölünüb. İlk olaraq onu deyim ki, müxalifət cəbhəsində çox çirkin ittihamlar var. Xüsusilə baş verən hadisənin AKP-nin yanlış siyasət nəticəsi olduğu, hətta bunun Allahın iqtidara cəzası olduğu kimi əsassız yanaşmalar var.

Ümumiyyətlə baş verən hadisə bütün türk xalqının ortaq acısıdır və müxalifətin belə ittihamlar ilə çıxış etməsi məncə, doğru deyil. Xüsusilə məsələnin dini yöndən şərh edilib insanları manipulyasiya edilməsi siyasi əxlaqa sığmır.

– Türkiyədə keçiriləcək prezident seçkilərinin vaxtı təbii fəlakətə görə dəyişdiriləcək?

– Hazırda belə bir məsələ aktual deyil. Baş verən hadisənin fəsadları aradan qaldırılır, yaralar sarılır. AKP bundan öncə də baş verən fəlakətlərin fasadlarını aradan qaldırıb və deyə bilərəm ki, bu istiqamətdə yetərincə təcrübəsi var. Hesab edirəm baş verən hadisə seçkilərin təxirə salınması kimi bu zərurəti yaratmayacaq.

– Türkiyədə baş verən təbii fəlakətdən müxalifət seçkilərdə istifadə edə biləcək, yoxsa bu AKP-nin mövqeyini daha da gücləndirəcək?

– Müxalifət hadisə sonrası ilk saatlardan etibarən ciddi propanda aparır və insanlar arasında çaşqınlıq yaratmaq istəyir. Bunun olacağı gözlənilirdi. Mümkündür ki, seçki kampaniyası zamanı bu hadisədən müxalifət iqtidarın prestijini aşağı salmaq üçün istifadə edəcək.

Lakin hesab edirəm bu məsələ AKP iqtidarının mövqeyini zəiflətməyək, əksinə, daha da artıracaq. Çünki bir daha qeyd edirəm, AKP iqtidarı bundan öncəki təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması ilə bağlı yetərincə təcrübəyə sahibdir. Qısa zamanda görülən işlər belə özlüyündə onu deməyə əsas verir ki, seçkilər zamanı AK Partiya etdiklərini seçki kampaniyasında geniş şəkildə təbliğ edəcək.

Turan Rzayev
Globalinfo.az