Ukraynanın sabiq prezidenti Petro Poroşenko Polşanın ali dövlət mükafatı olan Ağ Qartal Ordenindən imtina etdiyini açıqlayıb.
Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, Poroşenko bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, iki həftə əvvəl Polşa Prezidenti Karol Navrotskini bu qərardan çəkindirməyə çalışıb, lakin buna nail ola bilməyib.
“Əgər Polşa prezidentini yanlış qərar qəbul etməməyə inandıra bilməsəm, ordeni qaytaracağımı vəd etmişdim. Təəssüf ki, bu mümkün olmadı”, – Poroşenko qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Ukraynanın digər sabiq prezidentləri Leonid Kuçma və Viktor Yuşşenko da Ağ Qartal Ordenindən imtina etdiklərini açıqlayıblar.
Məlumata görə, Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskini də bu mükafatdan məhrum edib. Buna səbəb kimi Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə Ukrayna Üsyançı Ordusunun (UPA) “qəhrəmanları”nın adını verməsi göstərilib.
Bundan başqa, bir sıra ukraynalı rəsmilər də Polşa dövlət mükafatlarından imtina etdiklərini açıqlayıblar. Onların arasında Ukraynanın Polşadakı səfiri Vasili Bodnar, Prezident Ofisinin rəhbəri Kirill Budanov, xarici işlər naziri Andrey Sibiqa və Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva da var.
***23:06
Ukraynanın sabiq prezidentləri Leonid Kuçma və Viktor Yuşşenko Polşanın ali dövlət mükafatı olan Ağ Qartal Ordenindən imtina etdiklərini açıqlayıblar.
Globalinfo.az xəbər verir ki, onlar bu addımı Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskini həmin ordenlə təltif olunan şəxslər siyahısından çıxarmasına etiraz olaraq atıblar.
Leonid Kuçma bildirib ki, o, Ağ Qartal Ordeni ilə 1997-ci ildə təltif olunub.
Qeyd edək ki, Karol Navrotski ötən gün Volodimir Zelenskinin Polşanın ən yüksək dövlət mükafatından məhrum edildiyini açıqlayıb. Bunun ardınca Ukraynanın ikinci və üçüncü prezidentləri həmrəylik nümayiş etdirərək ordenlərindən imtina etmək qərarı veriblər.

Aysel Əliyeva
Globalinfo.az