Zaxarovanın sözləri Bakıda narahatlıq yaratdı – Kremlin hədəfi nədir?

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın ötən həftə verdiyi açıqlamalar ciddi narahatlıq yaradıb. O deyib ki, Cənubi Qafqazda sülhün ən yaxşı təminatı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdikləri üçtərəfli razılaşmaların prinsiplərindən istifadə edilməsidir.

“Əminik ki, Cənubi Qafqazda sabitliyin və uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı 2020-2022-ci illər arasında bağlanmış ən yüksək səviyyədə üçtərəfli razılaşmalar kompleksinin icrasının tezliklə bərpa olunmasıdır”, – o bildirib.

M.Zaxarovanın sözlərinə görə, bu razılaşmalara Bakı və İrəvan arasında barışıq üçün alternativ olmayan yol xəritəsi, eləcə də ölkələr arasında sülh sazişinin hazırlanması daxildir.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ermənistanın regional xarici siyasətinin ən spesifik xüsusiyyətlərindən biri ikibaşlı hərəkətlərdir:

“Belə ki, rəsmi İrəvan bir tərəfdən sülhə, sabitliyə maraqlı olduğunu deyir, digər tərəfdən isə prosesi uzatmağa çalışır. N.Paşinyan yanvarın 28-də demişdi ki, İrəvan sülh müqaviləsinin imzalanmasının gözləniləndən daha çox vaxt aparacağı təqdirdə, Bakıya hücum etməmək haqqında paktı bağlamağa təklif edib. Azərbaycan Xarici İşlər Nazirliyi bu təklifə operativ münasibət bildirərək bəyan etdi ki, bu, sülh prosesindən fikir yayındırmaq məqsədi daşıyır.

Yanvarın 31-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bu barədə danışdı. O dedi ki, Cənubi Qafqazda sülhün ən yaxşı təminatı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdikləri üçtərəfli razılaşmaların prinsiplərindən istifadə edilməsidir. M.Zaxarovanın sözlərinə görə, bu razılaşmalara Bakı və İrəvan arasında barışıq üçün alternativ olmayan yol xəritəsi, eləcə də ölkələr arasında sülh sazişinin hazırlanması daxildir.

2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanat, ən azından sənəddə əksini tapan müəyyən maddələr, doğrudan da, sülhə töhfə verə bilərdi. Əgər İrəvan bu maddələrə əməl etsə idi. Məsələn, sözügedən sənədin tələblərinə görə, Rusiya sülhməramlılarının Qarabağa girməsi ilə paralel olaraq erməni silahlı birləşmələri ərazini tərk etməli idi. Amma Ermənistan bu maddəni yerinə yetirməkdən imtina etdi. Səbəb aydın idi: revanşa cəhd, separat meyillərdən əl çəkməmək. Nəticə etibarilə rəsmi Bakı yenə öz işini özü gördü: bir günlük antiterror tədbirləri ilə Qarabağda tam suverenliyi bərpa etdi. İkinci bir tərəfdən, sənəddə kommunikasiya xətlərinin açılması nəzərdə tutulurdu. Lakin gedişat göstərdi ki, Ermənistan bu məsələdə, həmçinin Zəngəzur dəhlizinin açılmasında da səmimi deyil.

Kənan Novruzov

Beləliklə, Ermənistanın üçtərəfli bəyanatı pozması, N.Paşinyanın öz imzasına hörmət etməməsi artıq çoxlarına, o cümlədən rəsmi Moskvaya məlumdur”.

Ekspert deyib ki, N.Paşinyan yaxşı bilir ki, kənar güclərin təsiri altındadır:

“ABŞ, Fransa kimi dövlətlər Ermənistanın “beynini yumaqla”, həm də sülh gündəliyinə zərbə vururlar. Bunu Kreml də başa düşür.

Təhlükəsizliklə bağlı pakt əslində həm də Ermənistanın acizliyinin, iradəsizliyinin etirafı idi. Sual yaranır: əgər Ermənistanın gündəliyində sülh varsa, onda belə bir pakta nə ehtiyac? Onsuz da sülh sazişinin imzalanması həm də təhlükəsizliyə təminat verir. Maria Zaxarovanın açıqlaması onu göstərdi ki, bu təklif Rusiya üçün də absurddur. Çünki artıq mexanizm var. Belədirsə, yenidən “Amerika kəşf etməyə” ehtiyac varmı?

Aydın məsələdir ki, Ermənistan həm də Rusiyadan uzaqlaşmağa, Moskvanın proseslərə təsirini azaltmağa çalışır. Və bunu məhz Qərbin diktəsi ilə həyata keçirir. Məqsəd regionda Rusiyanın mövqeyini əvəz etməkdir. Bu isə, əlbəttə, Moskvanın çoxillik planlarına uyğun deyil. Rusiya XİN rəsmisi üçtərəfli bəyanatı boş yeriə xatırlatmadı. Fikrimizcə, bu, həm də Ermənistana xəbərdarlıq kimi qiymətləndirilə bilər”.

Kənan Novruzov deyib ki, tarixi təcrübə göstərir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün Moskva daha yaxşı platformadır, nəinki Brüssel və Vaşinqton.

“Mairia Zaxarovanın dediyi kimi, üçtərəfli bəyanat əslində sülh sazişi üçün yol xəritəsidir. Yetər ki, Ermənistan hakimiyyəti reallıqları düzgün qiymətləndirsin” – deyə, o, bildirib.

Turan Rzayev
Globalinfo.az