Zahid Oruc: ”1982-ci ildə Əliyevi Kremlə yola salmaq üçün növbəyə duranların…” – VİDEO

“100 yaşlı Heydər Əliyevin tərcümeyi-halının son on ilini Milli Qurtuluş günündən hesablamaq doğrudur, lakin 8 noyabr Zəfərinin siyasi təqvimimizi dəyişməsindən sonra məğlubiyyət zehinləri ilə deyil, Qalibiyyət zəkası ilə son bir əsrlik tariximizə qiymət vermək daha ədalətli olar”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən xüsusi iclasında İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc səsləndirib.

“Əslində 15 iyun Xilaskarlığı son 30 ilə aid kalendar hadisəsi deyil, çünki Heydər Əliyev bioqrafiyasının onlarla fəsli Dönüş, Qətiyyət, Fədakarlıq aktı kimi yalnız şəxsi məna daşımayıb millət tarixinin ayrılmaz hissəsidir. Məsələn, Lenin-Stalinin birgə yaratdığı imperiyada NKVD adlı çekist sistemində işə başlayıb DTK-da zirvələrə ucalmaq təkcə biliklə qazanıla bilməzdi, daha çox fiziki mətinlik, yenilməzlik, dəyanət, intizam və özünü ideallarına həsr etməklə mümkün idi. Nərimanovun və Bağırovun acı taleyinindən sonra Heydər Əliyevin Sərt bir Sistemdə irəliləməsi Fərdi Yüksəliş nümunəsi olmaqla bərabər, həm də məğlubedilməz milli rəhbər formalaşdırdı və zaman göstərdi ki, Ruhulla Axundovun, İmam Mustafayevin və Vəli Axundovun hakimiyyətdən devrilmələri “Çekist Şineli”ndən çıxmamaları ilə birbaşa bağlı idi.

Heydər Əliyevin sovet Azərbaycanın rəhbərliyinə gəlməsi SSRİ-nin tarixində nadir hadisəydi. Çünki Mərkəz o vaxta qədər DTK-dan milli respublikalara rəhbər  təyin etmirdi. Ona görə də xalqımız təkcə 15 iyunu deyil, elə 14 iyul tarixini də öz yaddaşında Xilaskarlıq hadisəsi kimi saxlayır.

Əliyevin gedişi ilə enən və böyük xaosa yuvarlanan Azərbaycanın 87-93-cü illəri sübut edir ki, “Əliyev xətti” qırılan kimi sovet coğrafiyasının bütün ərazilərində, xüsusi vurğulayaq ki, təkcə Ermənistanda deyil, Rusiyadan Orta Asiyaya və Gürcüstana qədər hər yerdə azərbaycanlıların aşağılanması və kütləvi qovulması başlandı. Bir neçə il sonra daxildə 100 minlərlə didərgin də son 200 illik köç silsiləsinin davamıydı. Halbuki hadisələr başqa cür ola bilərdi. 1982-ci ildə Əliyevi Kremlə yola salmaq üçün növbəyə duranların 1-cə faizi onun istefası zamanı müdafiəsinə qalxsaydılar, xalqımızın taleyi başqa cür olar və Qurtuluş 93-də deyil, onda baş verərdi.

Heç şübhə yoxdur ki, 1969-1982-ci illərin Keçici Qırmızı Bayraqları sovet Azərbaycanının quruculuq salnaməsidir və 15 iyun qədər parlaq hadisələrdir. Əliyevin xilaskarlığı 90-cı illərin “bir illik hakimiyyətləri ilə necə iqtidar olmaq olmaz” sualının da əla cavabıdır.

Sovet rejimini çökdürdüyünü iddia edən milli Cəbhəmiz “üç ildə üç dəfə hakimiyyət”i dəyişəndən sonra özləri də kiçik bir əyalətə çəkilib dövlətin adını öz sahibinə qaytardılar. Adını öna görə deyirik ki, faktiki olaraq, o dövlət yox idi. Əbülfəz Elçibəyin bütün həyatı boyu məcburən də olsa, ən düzgün qərarı məhz o oldu. Lakin Heydər Əliyevin Bakıya qayıdışı təkcə 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycanı deyil, 1918-ci ildəki Cümhuriyyəti, Üçrəngli Bayrağımızı, Demokratik Respublikanın qurucu liderləri olan Rəsulzadəni, Xoyskini, Topçubaşovu da xilas etdi. İndi sağ qaldıqları üçün böyük liderə borcunu onun ruhu ilə döyüşməklə qaytaran Elçibəy ardıcıllarını da ölümdən qurtardı. Ulu öndər Cümhuriyyəti və sovet keçmişimizi müstəqil dövlətçilikdə birləşdirdi və Yeni Dövlət qurdu.

Ölkəmizə qələbə gətirən hərbi “Dəmir Yumruq” əslində Heydər Əliyevin Xislakarlığına aid hadisədir. Horadiz əməliyyatı ilə başlayan, etnik separatizmi zərərsizləşdirilməsi və hərbi müxalifətin tərksilahı davam edən, daha sonra atəşkəslə neft savaşını udan da elə həmin Dəmir İradə idi. Üstündən 30 il keçəcək, öz xalqının faciəli lideri Levon ter Petrosyan  deyəcək ki, Əliyev neft müqaviləsi ilə gələcək 30 illik müharibəni uddu. Beləliklə, Əliyev kursu qalib gəldiyi üçün Zəfərimizin birinci müəllifi Odur!

İndi Qayıdış əbədi bir prosesdir və 2022-ci ilin 19 iyulunda Ağalıya dönüş də Milli Qurtuluşun 29 ildən sonrakı davamıdır. 15 iyun təkcə 90-cı illərin xaosunun sonu deyil, həm də 44-günlük müharibənin başlanğıcı və 8 noyabr Qələbəsinin sələfidir. Əsil “Böyük Qayıdış” Heydər Əliyevdir. Əgər ata Əliyevin “Böyük Qayıdış”ı olmasaydı, 2003-cü ildə hakimiyyət estafetini xilaskarlıqla qəbul edən oğul Əliyevin 17 illik müqəddəs davası və doğma torpaqların xilası da gerçəkləşməzdi. 200 ildən sonra ermənilərə sərhəd və suverenlik cədvəli bəyan edən İlham Əliyev bütöv müstəqilliymizin tək müəllifidir!”, – çıxışında Zahid Oruc deyib.