tramp putin 2

Fransada etiraz aksiyaları səngimək bilmir. Kütləvi etirazlar fonunda paytaxt Parisin tüstü içində görüntüləri yayılıb. Fransanı bürüyən genişmiqyaslı etirazlar və iğtişaşlar fonunda ölkənin daxili işlər naziri Loran Nunes istefa verib, lakin Prezident Emmanuel Makron onun istefasını qəbul etməyib.

“Makron bu qərarı hazırkı şəraitdə asayişin və qanunun aliliyinin təmin edilməsinə cavabdeh qüvvələrin fasiləsiz idarə olunmasının zəruriliyini nəzərə alaraq qəbul edib”, – məlumatda deyilib.

Qeyd edək ki, Fransada baş verən etiraz aksiyaları zamanı 2000-dən çox etirazçı saxlanılıb.

Globalinfo.az-a danışan politoloq Tamilla Qulami deyib ki, Fransada baş verən böhranın Rusiya və ya ABŞ-dən qaynaqlanması məsələsinə ehtiyatla yanaşmaq lazımdır:

“Çünki Avropanın aparıcı ölkəsi sayılan Fransadakı böhranı bu dövlətlərdən hər hansı birinin təşkil etdiyini təsdiqləyən etibarlı sübut yoxdur. Şübhəsiz ki, Fransa daxilindəki parçalanma xarici güclərin maraqlarına uyğun siyasi nəticələr yarada bilər. Bu gün Rusiyaya Avropanın siyasi birliyinin zəifləməsi, ABŞ administrasiyasına isə Avropanın miqrasiya siyasətinə və təhlükəsizlik yanaşmasına təsir göstərmək imkanları lazımdır.

Tamilla

Tamilla Qulami

Donald Trampın Fransa etirazlarını miqrasiya problemi ilə əlaqələndirməsi də bu mübarizənin informasiya müstəvisində aparıldığını göstərir. Ancaq siyasi hadisələrdən faydalanmaqla onları təşkil etmək fərqli şeylərdir”.

Tamilla Qulaminin sözlərinə görə, Fransa böhranı Avropada siyasi transformasiyanın sürətlənməsinə səbəb ola bilər:

“Əgər mərkəzçi qüvvələr iqtisadi və sosial problemlərə real həll təklif edə bilməsələr, sağçıların hakimiyyətə gəlmək şansı artacaq. Bununla belə, bu cür dəyişikliklər Avropa İttifaqının miqrasiya, müdafiə, Ukrayna siyasəti və ABŞ ilə münasibətlərində ciddi fikir ayrılıqlarını dərinləşdirə bilər. Bu gün əsas təhlükə yalnız Makronun siyasi məğlubiyyəti deyil, Fransada dövlət institutlarına inamın aşınmasıdır. Fransa kimi aparıcı ölkədə sabitliyin pozulması bütün Avropanın siyasi və geosiyasi çəkisinə təsir göstərəcək. Almaniya illərdir bu kimi çatların yaranacağı ilə bağlı siqnallar verirdi”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: