Yunanıstana yeni səfir təyin olunan Arif Məmmədov kimdir? – DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri Arif Məmmədov vəzifəsindən azad edilib. 

Globalinfo.az Oxu.az-a istinadən xatırladır ki, Arif Baloğlan oğlu Məmmədov1982-ci ildə Bakı şəhərində anadan olub.

2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə bakalavr, 2005-ci ildə isə sözügedən ali təhsil ocağını həmin ixtisas üzrə magistratura səviyyəsində fərqlənmə diplomları ilə bitirib.

2010-cu ildə Çexiyanın Praqa Metropolitan Universitetinin Beynəlxalq münasibətlər və Avropa araşdırmaları ixtisası üzrə magistratura səviyyəsində təhsil alaraq fərqlənmə diplomuna layiq görülüb.

2017-ci ildə Kanadada Ottava Universitetinin Tefler İdarəçilik Məktəbində Biznes İdarəçiliyi üzrə magistr dərəcəsi alıb.

Sabiq sədr 2004-2007-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində attaşe, 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində üçüncü və ikinci katib, 2012-2016-ci illərdə isə Azərbaycan Respublikasının Kanadadakı səfirliyində birinci katib olub.

2017-2018-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

2018-ci ilin mart ayından 2020-ci ilin aprelinə kimi Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində müşavir olub.

O həmçinin, 2020-ci ilin aprelindən 2021-ci ilin may ayına kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında böyük məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb.

2021-ci ilin may ayında Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində çalışmağa başlayıb.

Arif Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 oktyabr tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdu.

Rus və ingilis dillərini bilir.

Ailəlidir, bir övladı var.