İranın yeni XİN rəhbərinin Azərbaycan gerçəkləri – “O, 44 günlük müharibə zamanı…”

İran Prezidenti Məsud Pezeşkian yeni nazirlərini müəyyən edib. O, XİN rəhbəri postuna İranın sabiq xarici işlər nazirinin müavini Abbas Əraqçinin namizədliyini irəli sürüb. Əraqçi ilə bağlı fikirlər birmənalı deyil: bir qisim onun keçmiş SEPAH-çı olduğunu, bir qisim isə Azərbaycana qarşı mülayim mövqedə dayandığını deyir. 

Bəs reallıq necədir?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinə daxil olacaq şəxsləri, yəni ən azı 5 il bu prezidentlə çalışacaq kabinet üzvlərini təsdiq etmək üçün İran Parlamentinə təqdim edib:

“Bu şəxslər İranın ali dini lideri Əli Xamenei ilə razılaşdırıldıqdan sonra siyahıya salınıb. Təqdim olunan namizədlərin daha çox mühafizəkar qanadını təmsil etməsi diqqəti cəlb edir.

İranda yeni nazirlərin seçilməsi ilə bağlı Azərbaycan tərəfinin də gözləntiləri var idi. Biz haqlı olaraq Respublikamıza müsbət münasibət bəsləyən şəxsləri nazir kürsüsündə görmək istərdik. Xüsusilə xarici işlər və müdafiə nazirlərinin Azərbaycanla yaxşı əlaqələr saxlayan siyasətçilərdən olacağına ümid edirdik. Pezeşkianın təqdim etdiyi siyahıdakı bu postları tutan şəxslər ümidimizi doğruldacaqmı? Öncədən proqnoz vermək çətindir. Amma xarici işlər naziri vəzifəsinə təyinat alan Əraqçi Həsən Ruhaninin prezidentliyi dövründə xarici işlər nazirinin müavini işləyib. SEPAH-da uzun müddət xidmət edən Əraqçi sonra İranın Qərblə nüvə danışıqlarının aparılmasında aktiv iştirak edib.

Əlimusa İbrahimov

Əraqçi həmçinin İkinci Qarabağ müharibəsindən sonra İranın Qafqazdakı geosiyasi vəziyyətə müdaxilə etməsində əsas rol oynayıb, İranın Azərbaycana və eləcə də Cənubi Qafqaza qarşı təzyiqlər yaratmağa çalışdığı dönəmində Tehranın planlarını formalaşdıran və həyata keçirən əsas diplomatlardan olub. Nazir səlahiyyətlərini əldə etdikdən sonra fərqli kurs götürəcəyinə ehtimal olduqca azdır. Onun da elə Pezeşkian kimi ali dini liderin tapşırıqlarını həyata keçirilməsinə səy göstərəcəyini gözləmək daha ağlabatandır.

Digər tərəfdən Məsud Pezeşkianın islahatçı qanadı altında prezident kürsüsündə oturması məlumdur. Onun elə başlanğıcda islahatçıların ən görkəmli nümayəndəsi (bir qədər əvvəl istefa verən Məhəmməd Cavad Zərif – red.) ilə qarşıdurmaya getməsi yaxın gələcəkdə hansı siyasəti izləyəcəyinə müəyyən ip ucu verir. əgər belə davam edərsə, islahatçıların ondan üz döndərəcəyi gün uzaq deyil”.

Turan Rzayev
Globalinfo.az